2026 Dünya Kubokundakı mübahisəli qərarlar FIFA rəhbərliyini tənqidlərin hədəfinə çevirib
Siyasət və idman kommunikasiyası üzrə mütəxəssis dr. Vitali Kazakov FIFA 2026 Dünya Kubokunda qəbul edilən mübahisəli qərarların FIFA rəhbərliyinə və prezident Canni İnfantinoya olan inamın ciddi şəkildə azalmasına səbəb olduğunu bildirib.
AFN.az xəbər verir ki, FIFA 2026 Dünya Kubokundakı mübahisəli qərarlar FIFA-nın və onun prezidenti Canni İnfantinonun nüfuzunu itirməsinə gətirib çıxarıb.
ABŞ-li futbolçu Folarin Baloqunun qırmızı vərəqə cəzasının ABŞ Prezidenti Donald Trampın FIFA Prezidenti Canni İnfantinoya zəng etməsindən sonra mübahisəli şəkildə təxirə salınması, hakimlərin ulduz futbolçuları və bəzi komandaları, xüsusən də Argentina ilə Lionel Messini qoruduğu, ikili standartlar tətbiq etdiyi barədə tənqidlər FIFA-nın etibarlılığını müzakirə mövzusuna çevirib.
Son olaraq, 2026 FIFA Dünya Kubokunun finalında planlaşdırılan fasilə şousu da futbolun hansı istiqamətə yönəldiyi ilə bağlı müzakirələri yenidən alovlandırıb.
Müzakirələrin mərkəzində FIFA-nın bazar günü Nyu-Cersidəki "MetLife" stadionunda keçiriləcək final matçında "Super Bowl" yarışlarını xatırladan fasilə əyləncə şousu təşkil etmək planı durur.
Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) oyun qaydalarına əsasən, hissələrarası fasilə müddəti ən çoxu 15 dəqiqə ola bilər. Lakin meydançada nəhəng konsert səhnəsinin qurulub-yığışdırılması və müğənnilərin çıxışları səbəbindən fasilənin 20–30 dəqiqəyə qədər uzanacağı iddia edilir. Bunun da oyun qaydalarının pozulması ittihamlarına yol açacağı qeyd olunur.
Danimarkanın Orhus Universitetinin Media və Jurnalistika Araşdırmaları Bölməsində tədqiqatçı kimi fəaliyyət göstərən siyasət və idman kommunikasiyası mütəxəssisi dr. Vitali Kazakov verdiyi açıqlamada Dünya Kuboku təşkilatçılığı ətrafındakı mübahisəli qərarlar səbəbindən FIFA rəhbərliyinin ciddi nüfuz itkisinə məruz qaldığını vurğulayıb.
İnfantinoya qarşı qəzəbin nəzərəçarpan dərəcədə artdığını bildirən Kazakov "Oyunları izlədiyiniz yerdə vəziyyət necə idi bilmirəm, amma mənim olduğum yerdə, azarkeş zonalarında, kafelərdə matçlar yayımlanarkən Canni İnfantino ekranda hər göründüyündə kütlənin onu uca səslə fitə basdığına tez-tez şahid olmaq mümkün idi. Bu baxımdan, İnfantinonun ictimaiyyət nəzdindəki nüfuzu və milyardlarla tamaşaçının onu necə dəyərləndirməsi, əlbəttə ki, müzakirəyə açıq mövzudur" deyə bildirib.
İdmanda manipulyasiya və idmanın yumşaq güc kimi istifadə edilməsi mövzusunda kitab və məqalələrin müəllifi olan Kazakov böyük dövlətlərin Dünya Kuboku kimi mühüm turnirləri yumşaq güc vasitəsi kimi görüb bundan faydalanmaq istədiklərini bildirib.
FIFA-nın maliyyə gücünə diqqət çəkən Kazakov sözlərinə belə davam edib: "Yumşaq gücü iqtisadi baxımdan dəyərləndirsək, FIFA sponsorlarından əldə etdiyi nəhəng gəlir sayəsində mühüm qazanc təmin edir. Məncə, burada adı çəkilən tərəflərin hamısı şübhəsiz ki, bu yumşaq gücdən müəyyən dərəcədə faydalanır. FIFA bütün bu prosesin mərkəzindəki ən mühüm qurumlardan biridir. Sponsorlar baxımından da ən böyük üstünlük milyardlarla insana çatan bu qlobal tamaşaçı auditoriyasına çıxış əldə etməkdir. Eyni vəziyyət turnirin təşkilində rol oynayan Şimali Amerikadakı siyasi xadimlər üçün də keçərlidir. Nəticədə, turnirə ev sahibliyi edərək müxtəlif dividentlər götürməyə çalışan və bir-biri ilə fərqli formalarda qarşılıqlı əlaqədə olan geniş bir tərəflər şəbəkəsinin olduğunu qəbul etməliyik."
Kazakov Dünya Kubokunu əvvəlki təşkilatlardan fərqləndirən ən mühüm xüsusiyyətlərdən birinin süni intellektin aktiv şəkildə istifadə edilməsi olduğunu vurğulayaraq, iyunun 11-də başlayan təşkilati prosesdə sosial mediada yalan və yanıltıcı xəbərlərin görüldüyünə diqqət çəkib.
Kazakov video tamamilə cəfəngiyat və ya məntiqsiz olmadığı müddətcə, paylaşımı edən şəxsin məzmunu istədiyi istiqamətdə yozdurmasının və yönləndirməsinin son dərəcə asan olduğunu ifadə edib.
2024-cü il "Super Bowl" finalını nümunə göstərən rusiyalı akademik sözügedən qarşılaşmanın ABŞ-da Aya ilk enişin canlı yayımından daha çox televiziya tamaşaçısını ekran başına topladığını qeyd edib.
Neymar və Pele haqqında süni intellektlə hazırlanan məzmunları misal çəkən Kazakov "Bir neçə il əvvəl buna yaxşı bir nümunə yaşandı. Braziliyalı futbolçu Neymar ölkəsinə qayıdaraq yerli klublardan birinə qoşulmağa hazırlaşarkən, klubun süni intellektlə yaradılmış Pele görüntülərini paylaşdığı xəbərləri yayıldı. Bu görüntülərdə Pelenin Neymarı kluba transfer olmağa inandırmağa çalışdığı görünürdü. Xəbərlərə görə, Neymarın ailəsi də bu məzmundan ciddi şəkildə təsirlənmişdi. Halbuki görüntülərin süni intellektlə hazırlandığı və həqiqət olmadığı aydın idi. Çünki Pele çoxdan həyatını itirmişdi. Buna baxmayaraq, bu informasiya manipulyasiyası qərar vermə prosesində təsirli oldu. İnsanlar süni görüntülərdə deyilənlərin real olmadığını bilsələr də, bundan təsirlənə bildilər. Bu nümunə informasiya manipulyasiyasının müsbət məqsədlə istifadə edildiyi iddia edilsin və ya mənfi qiymətləndirilsin, insanlar üzərində real təsir yaratmaq gücünə malik olduğunu aydın şəkildə göstərir" dəyərləndirməsini edib.
FIFA və Beynəlxalq Olimpiya Komitəsi (IOC) kimi qurumların turnirləri təşkil edərkən təkbaşlarına dəyərləndirilə bilməyəcəyini qeyd edən Kazakov sponsorlar ilə turniri təşkil edən ölkələrin idmanı bir vasitə kimi istifadə etmək istəyə biləcəklərini sözlərinə əlavə edib.
