Dünya Kubokunda tarixi hədd: 1000-ci oyun sabah keçiriləcək



2026-cı il FIFA Dünya Kuboku turnir tarixinin 1000-ci oyununa şahidlik etməyə hazırlaşır.

AFN.az xəbər verir ki, Tunis və Yaponiya yığmaları FIFA Dünya Kuboku tarixinin 1000-ci qarşılaşmasında sabah Bakı vaxtı ilə saat 08:00-da Monterrey Stadionunda üz-üzə gələcək.

FİFA-dan verilən açıqlamada FIFA Dünya Kubokunun 1000-ci oyununun futbolun köklü ənənəsinin və müasir inkişafının bir sübutu olduğu, Asiya və Afrika komandalarının Şimali Amerikadakı bu görüşünün futbolun tərəqqisini və 2026 FIFA Dünya Kubokunun inklüzivliyini nümayiş etdirəcəyi ifadə olunub.

Tunisin yarımmüdafiəçisi və kapitanı Ellyes Sxiri 1000-ci FIFA Dünya Kuboku oyununda yer ala bilməyin həqiqətən simvolik bir məna kəsb etdiyini bildirib.

Yaponiya milli komandasının baş məşqçisi Hacime Moriyasu isə Yaponiya millisi və Asiya təmsilçisi olaraq, uzun və şərəfli bir tarixə malik FIFA Dünya Kubokunun tarixi 1000-ci qarşılaşmasında iştirak etməkdən böyük qürur duyduqlarını qeyd edib.

1930-cu ildə Uruqvayda təşkil edilən ilk FIFA Dünya Kubokuna cəmi 13 ölkə qatılmışdı.

İsveçrədə keçirilən 1954-cü ildəki 100-cü FIFA Dünya Kuboku oyununda isə Avstriya ilə Uruqvay bürünc medal uğrunda mübarizə aparmışdı.

Oyunların başlama saatlarının eyni olması səbəbindən 500-cü FIFA Dünya Kuboku qarşılaşmasını eyni anda oynamaq şərəfi isə birdən-birə dörd komandanın üzərinə düşmüşdü, belə ki, qrup mərhələsinin son günündə Argentina ilə Bolqarıstan, Yunanıstan ilə isə Nigeriya eyni vaxtda meydana çıxmışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu