Parkinson xəstəliyini aşkar edən qələm istehsal edildi

Alimlər Parkinson xəstəliyinin erkən əlamətlərini müəyyən edə bilən xüsusi bir qələm hazırlayıblar. Əl yazısını analiz edən və süni intellektlə işləyən bu qələm aşağı maliyyətli və əlçatan diaqnostik vasitə olmaq potensialına malikdir.
Parkinson xəstəliyi dünyada 10 milyondan çox insana təsir edir. Əsasən titrəmə, əzələlərdə sərtlik və hərəkətlərdə ləngimə kimi əlamətlərlə müşayiət olunan bu xəstəlik Alzheimerdən sonra ən geniş yayılmış ikinci nevroloji pozuntu kimi tanınır. Eyni zamanda bu qrupa daxil olan xəstəliklər arasında ən sürətlə irəliləyənlərdən biridir.
Parkinsonun diaqnozu adətən xəstənin hərəkətlərini müşahidə etməyə əsaslanır. Lakin bu üsul mütəxəssis, həkim və yüksək texnologiya tələb etdiyindən, xüsusilə aşağı və orta gəlirli ölkələrdə kifayət qədər effektiv olmaya bilər. Erkən diaqnostika imkanı olmayan bir çox şəxsə xəstəliyin artıq irəliləmiş mərhələlərində diaqnoz qoyulur.
Qələmin işləmə prinsipi
Kaliforniya Universitetinin Los Anceles kampusundan tədqiqatçılar tərəfindən hazırlanmış bu qələm maqnit mürəkkəb və xüsusi ucluğa malikdir. Qələm insanın yazı yazarkən etdiyi hərəkətləri elektrik siqnallarına çevirir. Daha sonra bu siqnallar süni intellekt tərəfindən təhlil olunur və Parkinson xəstəliyinə dair izlər axtarılır.
Əl yazısı beyinlə əl arasında əlaqəni əks etdirən mürəkkəb bir proses kimi qəbul edilir. Əvvəlki araşdırmalar göstərib ki, Parkinson xəstəliyi əl yazısını ciddi şəkildə təsir edir. Yeni hazırlanan bu qələm həmin dəyişiklikləri dəqiqliklə ölçə bilir.
Yüksək dəqiqliklə müəyyən edir
Tədqiqatçılar Parkinson xəstəliyi olan 3 nəfərin yazı nümunələrini sağlam 13 nəfərlə müqayisə ediblər. Süni intellekt dəstəkli qələm bu nümunələri 95 faizdən yüksək dəqiqliklə fərqləndirməyi bacarıb. Kiçik miqyaslı bu araşdırma texnologiyanın etibarlı diaqnostik vasitə ola biləcəyini ortaya qoyub.
Alimlərin fikrincə aşağı maliyyətli və asanlıqla yayılması mümkün olan bu qələm xüsusilə resurs çatışmazlığı yaşayan bölgələrdə effektiv bir həll yolu ola bilər. Mütəxəssislər qeyd edir ki, bu cihaz Parkinson xəstəliyinin diaqnostikasında geniş istifadə oluna biləcək praktik bir üsul təqdim edir.
Diaqnoz almamış şəxslər üçün ümid
Qələm xüsusilə hələ Parkinson diaqnozu almamış, lakin xəstəliyin erkən əlamətlərini göstərən şəxslər üçün böyük üstünlük yarada bilər. Erkən diaqnoz sayəsində müalicə prosesi vaxtında başlaya və xəstəliyin irəliləmə sürəti azaldıla bilər.
Tədqiqatçılar bildirirlər ki, bu texnologiya daha böyük iştirakçı qrupları ilə test edilməlidir. Genişmiqyaslı klinik sınaqlardan sonra bu qələmin diaqnostik vasitə olaraq istifadəyə verilməsi nəzərdə tutulur.