Apple Aİ ilə rəqəmsal qaydalar mövzusundakı hüquqi mübarizəni uduzdu
Avropa İttifaqının (Aİ) Ümumi Məhkəməsi ABŞ-nin texnologiya nəhəngi "Apple" şirkətinin Rəqəmsal Bazarlar Qanunu (DMA) çərçivəsində "App Store" tətbiq mağazası və "iOS" əməliyyat sisteminin keşikçi (gatekeeper) kimi müəyyənləşdirilməsinə qarşı qaldırdığı iddiaları rədd edib.
AFN.az xəbər verir ki, Lüksemburqda yerləşən Aİ Ümumi Məhkəməsi "Apple"ın Aİ Komissiyasının "App Store" və "iOS"u keşikçi kimi təyin edən və əlavə öhdəliklər gətirən qərarına qarşı açdığı iddia üzrə öz hökmünü elan edib.
Qərarda Aİ Komissiyasının 5 sentyabr 2023-cü il tarixində "Apple"ı "App Store" və "iOS" baxımından keşikçi kimi təsnifatlandıran qərarının hüquqa uyğun olduğu bildirilib.
Məhkəmə "Apple"ın "App Store"un fərqli cihazlar üçün təqdim edilən versiyalarının ayrı-ayrı əsas platforma xidmətləri kimi qiymətləndirilməli olduğu yönündəki müdafiə arqumentini qəbul etməyib.
Qərarda "iPhone", "iPad" və digər "Apple" qurğularındakı tətbiq mağazalarının müxtəlif cihazlara xidmət göstərməsinə baxmayaraq eyni məqsədə xidmət etdiyi, tətbiq tərtibatçıları ilə son istifadəçiləri bir araya gətirərək proqram təminatı tətbiqlərinin paylanmasını təmin etdiyi və bu səbəbdən vahid əsas platforma xidməti təşkil etdiyi vurğulanıb.
Məhkəmə "Apple"ın "iOS" ekosistemini daha qapalı saxlamasına yönəlmiş hüquqi etirazlarını da rədd edərək, Aİ Komissiyasının "iOS"u keşikçi elan etmək qərarını təsdiqləyib.
Beləliklə, "Apple"ın "iOS" və "App Store"a dair DMA çərçivəsindəki öhdəlikləri qüvvədə qalmağa davam edəcək.
Digər tərəfdən, məhkəmə "Apple"ın "iMessage" xidməti ilə bağlı qaldırdığı iddiaları prosessual əsaslarla rədd edib.
Aİ-nin Rəqəmsal Bazarlar Qanunu rəqəmsal platformalarda rəqabəti artırmaq məqsədilə iri texnologiya şirkətlərinə müxtəlif öhdəliklər qoyur.
Keşikçi kimi müəyyən edilən şirkətlər alternativ tətbiq mağazalarına çıxış, məlumat mübadiləsi və birgə işləmə imkanları kimi sahələrdə xüsusi qaydalara əməl etmək məcburiyyətindədirlər.
DMA 2024-cü ildə tam tətbiq olunmağa başlayıb və "Apple" da bu çərçivədə "iPhone"larda alternativ tətbiq mağazalarına və üçüncü tərəf ödəniş sistemlərinə müəyyən dərəcədə icazə vermək məcburiyyətində qalıb.
