Küveyt və Bəhreyn İranın raket və PUA hücumlarına qarşı xəbərdarlıq edib
Küveyt və Bəhreyn İrandan atılan raket və pilotsuz uçuş aparatı (PUA) hücumlarına qarşı əhalini və ölkədə yaşayan xarici vətəndaşları aidiyyəti qurumların təlimatlarına əməl etməyə çağırıb.
AFN.az xəbər verir ki, Küveyt ordusunun "X" sosial şəbəkə hesabında yayımlanan bəyanatda İrandan həyata keçirilən hava hücumları ilə bağlı məlumat verilib.
Açıqlamada Küveyt hava hücumundan müdafiə sistemlərinin raket və PUA zərbələrinin qarşısını aldığı, eşidilən partlayış səslərinin də məhz bundan qaynaqlandığı diqqətə çatdırılıb.
Bəyanatda sakinlərdən Küveyt rəsmilərinin təhlükəsizlik qaydaları ilə bağlı göstərişlərinə riayət etmələri xahiş olunub.
Bəhreyn Daxili İşlər Nazirliyi də sosial şəbəkə vasitəsilə bəyanat yayaraq raket və PUA hücumlarına qarşı xəbərdarlıq edib.
Açıqlamada vətəndaşların və ölkə sakinlərinin təmkinli olmaları, dərhal ən yaxın təhlükəsiz yerlərə keçmələri tövsiyə edilib.
Xatırladaq ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə hücumlarına cavab olaraq boğaz yaxınlığındakı 80-dən çox hərbi hədəfi vurduğunu elan etmişdi.
"Fars" agentliyi isə İslam İnqilabı Keşikçiləri Korpusunun ABŞ-nin ölkənin cənubuna endirdiyi zərbələrə cavab olaraq Bəhreyn və Küveytdəki 85 hərbi obyekti raket və PUA-larla hədəf aldığını bildirmişdi.
