ABŞ: İranda 80-dən çox obyekti vurduq
ABŞ ordusu Hörmüz boğazından keçən ticarət gəmilərinə yönəlik son hücumlara cavab olaraq İrana məxsus 80-dən çox hərbi obyektin vurulduğunu elan edib.
AFN.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial şəbəkə hesabında yayımlanan bəyanatda Hörmüz boğazından keçən 3 ticarət gəmisinə edilən hücumlar əsas gətirilərək dünən İrana qarşı başladılan cavab tədbirlərinin təfərrüatları təqdim olunub.
Bəyanatda CENTCOM qüvvələrinin İranın Hörmüz boğazındakı ticarət gəmilərinə son hücumlarına dərhal cavab verərək, yüksək dəqiqlikli döyüş sursatları ilə İranda 80-dən çox hədəfi vurduğu yeni hücum dalğası həyata keçirdiyi diqqətə çatdırılıb.
Qeyd olunub ki, əməliyyat zamanı İrana aid hava hücumundan müdafiə sistemləri, komanda-idarəetmə şəbəkələri və sahil radar məntəqələri sıradan çıxarılıb.
Açıqlamada İranın reallaşdırdığı hücumlarla atəşkəs rejimini pozduğu və gəmiçilik azadlığına zərbə vurduğu iddia edilib.
Xatırladaq ki, ABŞ ordusu dünən Hörmüz boğazından keçən 3 ticarət gəmisinə hücumu əsas gətirərək İrana qarşı bir sıra şiddətli zərbələr endirməyə başladığını bildirmişdi.
