ABŞ İsraildəki vətəndaşlarına xəbərdarlıq edib
ABŞ-ın İsraildəki səfirliyi son bir ayda ilk dəfə olaraq öz vətəndaşlarına xəbərdarlıq yayımlayaraq regionda eskalasiya riskinə diqqət çəkib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu xəbərdarlıq Amerika-İran qarşıdurmasının yeni mərhələsi fonunda ortaya çıxıb.
"Yaxın Şərqdəki gərginlik səbəbindən təhlükəsizlik sahəsindəki vəziyyət mürəkkəb olaraq qalır və gözlənilməz eskalasiya potensialı mövcuddur. Hazırda Yaxın Şərqdə olan amerikalılar yüksək dərəcədə sayıq olmalı, uçuşların ehtimal olunan ləğvinə və aviaəlaqənin pozulmasına hazır olmalıdırlar", - deyə Amerika diplomatik missiyasının saytında dərc olunan məlumatda bildirilir.
Səfirlik İsraildə olan amerikalılara ən yaxın sığınacaq və ya mühafizə olunan obyektin yerini əvvəlcədən öyrənməyi, İsrail Arxa Cəbhə Xidmətinin raket hücumları və PUA basqınları barədə xəbərdarlıq daxil olan mobil tətbiqini yükləməyi, fövqəladə hal üçün ərzaq, su və dərman ehtiyatı hazırlamağı tövsiyə edib.
Bununla belə, bəyanatda vurğulanır ki, ABŞ-nin Qüdsdəki səfirliyi və onun Təl-Əvivdəki şöbəsi əvvəlki kimi ştat rejimində çalışır və həmvətənlərinə konsulluq xidmətlərini tam həcmdə göstərməkdə davam edir.

