İran hələ də MAQATE müfəttişlərini nüvə obyektlərinə buraxmayıb - media
İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişlərinə öz nüvə obyektlərinə giriş icazəsi verməməkdə davam edir.
AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi təşkilatın hesabatına istinadən məlumat yayıb.
Sənədə əsasən, müfəttişlər İsrail və ABŞ-nin zərbələri nəticəsində zərər görmüş İsfahan, Nətənz və Fordodakı obyektlərə indiyədək daxil ola bilməyiblər. Qeyd olunur ki, MAQATE sonuncu dəfə qeyd olunan obyektlərdə 440 kq-dan çox yüksək zənginləşdirilmiş uran və 8,6 min kq-a yaxın daha aşağı dərəcədə zənginləşdirilmiş uran fiksə etmişdi.
Mətndə göstərilir ki, bu nüvə materialı haqqında məlumatın olmaması MAQATE-nin Baş direktoru Rafael Qrossidə nüvə silahının yayılmaması nöqteyi-nəzərindən narahatlıq doğurur. Bu baxımdan o, Tehranı ən qısa zamanda müfəttişlərin obyektlərə daxil olmasını təmin etməyə çağırıb. Bununla belə, hesabatda qeyd edildiyi kimi, sentyabrın ortalarında müfəttişlər Buşəhr AİS-ə giriş əldə etməlidirlər.
"Bloomberg"in məlumatına görə, MAQATE-nin Rəhbərlər Şurası gələn həftə İranın nüvə proqramı ətrafındakı vəziyyətə baxacaq.


