MAQATE İsfahan, Natanz və Fordo ərazilərinin monitorinqi ilə bağlı İranla razılaşıb
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranla iyun ayında hücuma məruz qalan İsfahan, Natanz və Fordodakı nüvə obyektlərinin təftiş proseduru ilə bağlı razılığa gəlib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu MAQATE rəhbəri Rafael Qrossi təşkilatın Rəhbərlər Şurasının iclasında bildirib. Onun sözlərinə görə, bu, Hərtərəfli Qorunma Müqaviləsinə (CSA) tam uyğundur.
"Texniki sənəd CSA-nın müddəalarına tam uyğun gələn təftiş prosedurları, bildirişlər və onların praktiki icrası haqqında aydın anlayışı təmin edir. Onlar təftişlər İrandakı bütün nüvə obyektləri və qurğularına, o cümlədən hücuma məruz qalan obyektlərə və orada yerləşən nüvə materiallarına aiddir", - deyə o bildirib.
MAQATE rəhbəri əlavə edib ki, İsfahan, Natanz və Fordodakı saytlarla bağlı İran bu yaxınlarda qəbul edilmiş qanunvericiliyə uyğun olaraq öz prosedurlarına əməl edəcək və bu, müvafiq yoxlamalar və saytlara giriş üçün yol açacaq. "Bu obyektlərdə xüsusi monitorinq prosedurları texniki səviyyədə nəzərdən keçiriləcək, lakin Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində həmişə İran və MAQATE-nin hüquq və öhdəliklərinə uyğun olacaq. Nəticədə, onun müddəaları dəyişmədən qalacaq və yenidən baxılmayacaq" - deyə Qrossi bildirib.
