İrlandiya Aİ sammiti üçün Britaniya hərbi gəmisini cəlb etdi
Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbi gəmisi və sualtı qayıqların aşkar edilməsi üçün nəzərdə tutulmuş helikopteri İrlandiyanın Uiklou qraflığında keçirilən Aİ ölkələrinin müdafiə idarələri rəhbərlərinin görüşünün təhlükəsizliyinin təmin edilməsinə cəlb olunub. Bu barədə "The Irish Times" qəzeti məlumat verib.
Nəşrin məlumatına görə, Böyük Britaniya Krallıq HDQ-nin gəmisi İrlandiyanın Aİ Şurasında sədrliyi çərçivəsində baş tutan tədbirin hava hücumundan müdafiəsini təmin etmək üçün İrlandiya hakimiyyətinin xahişi ilə göndərilib. Lakin Britaniya gəmisinə sahil boyundan 22 km məsafədə uzanan ölkənin ərazi sularına daxil olmaq qadağan edilib.
Bu, İrlandiyanın Aİ-də sədrliyi dövründə hava məkanının mühafizəsi üçün xarici hərbi gəmiləri cəlb etdiyi ikinci haldır. İyulun əvvəlində Dublin və Kork sahili yaxınlığında Fransanın "Aquitaine" sinfinə aid freqatı yerləşdirilmişdi.
Britaniya gəmisinin cəlb edilməsi Böyük Britaniyada tənqidlərə səbəb olub. Mühafizəkar siyasətçi Con Kuper bəyan edib ki, İrlandiya neytrallığa iddia etsə də, öz müdafiəsinə vəsait yatırmır.

