Türkiyə Azərbaycana qəhvəyi taxtabiti ilə mübarizə üçün 20 min samuray arıcığı göndərib
Türkiyə Kənd və Meşə Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatı Tədqiqatları və Siyasətləri Baş İdarəsinə (TAGEM) bağlı Qara dəniz Kənd Təsərrüfatı Tədqiqat İnstitutunda yetişdirilən 20 min samuray arıcığı zərərvericilərlə bioloji mübarizəyə dəstək məqsədilə Azərbaycanda təbiətə buraxılıb.
AFN.az xəbər verir ki, İnstitutun sosial şəbəkə hesabında yayımlanan açıqlamada Azərbaycanda qəhvəyi taxtabitinə daha çox rast gəlinən Zaqatala və Balakən rayonlarında bioloji mübarizəyə töhfə vermək üçün istehsal edilən 20 min samuray arıcığının təbiətə buraxıldığı bildirilib.
Açıqlamada həmçinin İnstitutun kənd təsərrüfatı mühəndisləri Mustafa Kılıç, Damla Sağlam və Əşrəf Yavuzun laboratoriya şəraitində samuray arıcığının yetişdirilməsi qaydaları ilə bağlı azərbaycanlı mütəxəssislərə təlim keçdikləri də qeyd olunub.
Bəyanatda Türkiyə ilə Azərbaycan arasında kənd təsərrüfatı sahəsindəki əməkdaşlığı gücləndirən bu addımın qəhvəyi taxtabitiyə qarşı bioloji mübarizənin genişləndirilməsinə mühüm töhfə verməklə yanaşı, davamlı kənd təsərrüfatı istehsalı hədəflərini də dəstəklədiyi vurğulanıb.
TAGEM olaraq bioloji mübarizə sahəsindəki bilik təcrübələrini və tədqiqat infrastrukturunu beynəlxalq əməkdaşlıqlarla birləşdirərək davamlı kənd təsərrüfatına dəstək verməyə davam etdikləri ifadə olunub.




