AQTA-nın bu qərarı onsuz da sürətlə artan ət qiymətlərini yenə bahalaşdıracaq - Natiq Cəfərli
AQTA ölkəyə idxal olunan heyvanların daşınması ilə bağlı yeni tələblər müəyyən edib.
AFN.az xəbər verir ki, Agentliyin məlumatına əsasən, 2027-ci il yanvarın 1-dən etibarən ölkəyə idxal olunan heyvanlar yalnız Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının "Quruda yaşayan heyvanların sağlamlıq məcəlləsi"nin tələblərinə cavab verən ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınacaq. Keçid dövrü çərçivəsində isə 2027-ci il yanvarın 1-dək heyvanların uyğunlaşdırılmış nəqliyyat vasitələrində bir mərtəbədə daşınmasına icazə veriləcək.
Qərarı şərh edən iqtisadçı ekspert Natiq Cəfərli bu addımın biznes üçün əlavə yük yaradacağını deyib: "Yenə aşırı tənzimləmə, yenə müdaxilə, yenə Avropa Birliyini iqtisadi "loser"ə çevirən səhvlərin təkrarlanmasıdır. Əl çəkin insanlardan, imkan verin biznes qura, inkişaf etdirə bilsinlər. Bu qədər mənasız tənzimləmə, qadağa, cərimə nəyə lazımdır axı? Qoyun-quzunu limuzində daşımalıdırlar? Dədə-babalarımız heyvanları arabalarda daşıyıblar, nəsə olub o heyvanlara?"
Ekspert hesab edir ki, ölkədə dövlət idarəçiliyində də islahatlara ehtiyac var: "Ölkədə onlarla məzmunsuz qurum var, onların əksəriyyəti ləğv edilməlidir. "Kiçik və effektiv" hökumət modelinə təcili keçməliyik. Əks halda iqtisadi daralma sürətlənəcək, iqtisadiyyatın çarxları bir-bir sıradan çıxacaq".
N.Cəfərlinin sözlərinə görə, qəbul edilən qərar nəticə etibarilə istehlakçının xərclərinə də təsir göstərəcək: "Belə qərarlar ancaq qiymətləri artırır. Biznes əlavə xərci məhsulun qiymətinin üzərinə gəlir. Yəni AQTA bu qərarla onsuz da sürətlə bahalaşan ətin qiymətini daha da artırır."




