Nyu-Yorkda 37 mərtəbəli binanın uçma təhlükəsi səbəbindən yollar bağlandı
Nyu-York şəhərinin meri Zohran Mamdani şəhərdəki binalardan birinin kalonlarında əyilmə baş verdiyini və vəziyyətin son dərəcə ciddi olduğunu bildirərək sakinlərə həmin ərazidən uzaq durmaları ilə bağlı çağırış edib.
AFN.az xəbər verir ki, uçma təhlükəsi səbəbindən binanın ətrafındakı yollar nəqliyyatın və piyadaların hərəkəti üçün tamamilə bağlanıb.
Mamdani Manhettendə, 42-ci küçədə yerləşən və polad konstruksiyalı 37 mərtəbəli binada ciddi struktur problemlərinin aşkar edildiyini diqqətə çatdırıb.
Binanın 21-ci mərtəbəsində iki daşıyıcı polad sütunun əyildiyini, həmçinin çoxlu çatların və döşəmələrdə sallanmaların müəyyən edildiyini vurğulayan mer tikilinin hazırda qeyri-sabit vəziyyətdə olduğunu ifadə edib.
Şəhər rəhbəri hadisə yerinə operativ şəkildə çatan ilk yardım briqadalarına təşəkkürünü bildirərək, indiyə qədər hər hansı xəsarət alanın olmadığını və binada işləyənlərin səhhətinin yaxşı olduğunu qeyd edib.
Məsul şəxslərin verdiyi məlumata görə, sözügedən tikili əvvəllər kommersiya təyinatlı ofis kimi istifadə olunub və bir qədər əvvəl onun yaşayış binasına çevrilməsi üçün yenidənqurma işlərinə başlanılıb.
Nyu-York Binalar Departamenti yeniləmə layihəsinin təxminən iki ildir plan ekspertizasından keçdiyini, lakin hazırda baş vermiş struktur probleminin dəqiq səbəbləri ilə bağlı hərtərəfli araşdırma aparıldığını bəyan edib.
Şəhər rəsmiləri hazırda 37 mərtəbədən ibarət olan binanın üst hissəsində əlavə mərtəbələrin tikintisi işlərinin də aparıldığını bildiriblər.
Nyu-York Yanğınşöndərmə Departamentinin rəsmiləri səhər saatlarında əraziyə gələn mütəxəssislərin binada qiymətləndirmə apardıqlarını və qurğunun hələ də hərəkət etməyə davam etdiyini müəyyənləşdirdiklərini diqqətə çatdırıblar.
Departament təmsilçisi binanın polad karkas sisteminə malik olması səbəbindən ehtimal edilən uçqunun bütün binanı əhatə etməyəcəyini, daha çox lokal xarakter daşıyacağını, lakin hərəkətliliyin davam etməsinin ciddi təşviş doğurduğunu bildirib.
Mütəxəssislər tikilinin təhlükəsizliyini təmin etmək üçün təcili dəstək tir və sütunlarından istifadə edərək yükün bərabər paylanması planı üzərində işləyirlər.
Məlumata görə, yerli vaxtla səhər saat 07:57-də 235 Şərq və 42-ci küçələrin kəsişməsindəki binanın yuxarı mərtəbələrindən kərpic parçalarının düşməsi barədə həyəcan siqnalı daxil olub.
Qısa müddətdə əraziyə cəlb olunan xilasedicilər binanı və ətraf ərazini təxliyə ediblər, hazırda bölgədə 150 yanğınsöndürən və təcili tibbi yardım heyəti ilə yanaşı 50-dən çox xüsusi texnika fəaliyyət göstərir.
Nyu-York Polis Departamenti 40-cı və 45-ci küçələr ilə onları kəsən 1-ci və 3-cü prospektlər arasındakı ərazini təhlükəsizlik zonası elan edərək giriş-çıxışı bağlayıb.
Rəsmilər təhlükəsizlik tədbirləri çərçivəsində ətrafdakı 7 binanın da boşaldıldığını və ərazi tam təhlükəsiz elan olunana qədər sakinlərdən oradan uzaq durmağı xahiş ediblər.
