Pakistanda uçan 5 mərtəbəli binada ölənlərin sayı artıb

Pakistanın Karaçi şəhərində uçan 5 mərtəbəli binada həyatını itirənlərin sayı 16-ya yüksəlib.
1974-cü ildə inşa edilən və daha əvvəl “təhlükəli” kimi təsnif edilən 5 mərtəbəli bina dünən çöküb.
Rəsmilərin verdiyi məlumata görə, dünən 10, bu gün isə 6 nəfərin meyiti aşkar olunub və ümumilikdə 16 nəfərin həlak olduğu bildirilib.
Axtarış-xilasetmə işləri davam edərkən, dağıntılar altından 8 nəfər sağ çıxarılıb. Təxminən 20 nəfərin isə hələ də dağıntılar altında olduğu ehtimal edilir.
Hadisənin baş verdiyi binanın yaxınlığındakı digər tikililər ehtiyat tədbiri olaraq təxliyə edilib və hadisə ilə bağlı istintaq başladılıb.
Pakistan Prezidenti Asıf Əli Zərdari və Baş nazir Şahbaz Şərif də insan tələfatına görə dərin kədər hissi keçirdiklərini bildiriblər.