Nyu-York birjası artan geosiyasi gərginliklərin təsiri ilə enişlə açılıb



Nyu-York birjası ABŞ Prezidenti Donald Trampın İranla atəşkəsin başa çatdığını bildirməsindən sonra artan geosiyasi gərginliklərin təsiri ilə günə enişlə başlayıb.

AFN.az xəbər verir ki, Tramp Ankarada keçirilən 36-cı NATO Dövlət və Hökumət Başçıları Sammitindən əvvəl mətbuat nümayəndələrinə verdiyi açıqlamada İranla atəşkəsin bitdiyini vurğulayaraq, artıq onlarla razılığa gəlmək istəmədiyini deyib.

ABŞ Mərkəzi Komandanlığı da dünən bazarların bağlanmasından sonra ticarət gəmilərini hədəf aldığı əsası ilə İrana qarşı bir sıra güclü zərbələr endirdiyini bildirmişdi.

İran tərəfi isə sözügedən hücumları Vaşinqton ilə Tehran arasında müharibəni dayandırmaq məqsədilə ötən ay əldə olunmuş anlaşmanın pozulması kimi qiymətləndirib.

ABŞ administrasiyasının dünən İran neftinin hasilatı, tədarükü və satışına icazə verən 60 günlük ümumi lisenziyanı ləğv etməsindən sonra kəskin bahalaşan neft qiymətləri gərginliyi artıran son proseslərlə yüksəlməyə davam edib.

"Brent" neftinin sentyabr fyuçersləri üzrə barel qiyməti Bakı vaxtı ilə saat 17:30 radələrində 5,5 faiz artaraq 78,24 dollara çatıb.

ABŞ-nin 10 illik xəzinə istiqrazlarının gəlirliliyi də 4 baza bəndi artaraq 4,57 faizə yüksəlib.

Bu proseslərin fonunda açılışda "Dow Jones" indeksi 0,31 faiz geriləyərək 52.758,47 bəndə düşüb.

"S&P 500" indeksi 0,36 faiz azalışla 7.476,54 bəndə, "Nasdaq" indeksi isə 0,44 faiz itki ilə 25.704,66 bəndə qədər enib.

Analitiklər investorların geosiyasi gərginliklərin kölgəsində ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu axşam dərc edəcəyi iclas protokollarına diqqət yetirdiklərini bildirirlər.

Yaxın Şərqdə gərginliyin yenidən artması ilə inflyasiya narahatlıqlarının təkrar gündəmə gəldiyinə diqqət çəkən ekspertlər protokolların gələcək dövrdə atılacaq monetar siyasət addımlarına dair daha çox ipucu verə biləcəyini qeyd edirlər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu