"Sabah" Avropa səhnəsində tarixi debütünü inamlı qələbə ilə taclandırdı
UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin qrup oyunlarına start verilib.
AFN.az-ın məlumatına görə, ölkəmizi bu mötəbər beynəlxalq turnirdə təmsil edən "Sabah" futbol klubu turnirdəki ilk debüt qarşılaşmasına çıxıb.
Masazırda yerləşən "Bank Respublika Arena"da təşkil olunmuş matçda təmsilçimiz Uelsin TNS komandasını qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən oyun təmsilçimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Tərəflər arasında cavab qarşılaşmasının cari ilin 14 iyul tarixində Uelsin Ozuestri şəhərində yerləşən "Park Hall" stadionunda keçirilməsi planlaşdırılır. Bakı vaxtı ilə saat 21:30-da start götürəcək həmin oyunda da komandamızın bu üstünlüyü qorumaq uğrunda mübarizə aparacağı gözlənilir.
Polşalı referi Patrik Qriskieviçin baş hakimlik etdiyi, yan xətt hakimləri Marçin Boniek və Bartoş Kasunski, eləcə də dördüncü hakim Voyçex Musun təmsil olunduğu hakimlər briqadasının idarə etdiyi oyunda texniki dəstək funksiyasını VAR hakimi Kornel Paşkieviç və AVAR hakimi Bartoş Frankovski yerinə yetirib.
Bu məsuliyyətli qarşılaşmada "Sabah" komandasının baş məşqçisi Valdas Dambrauskas meydana növbəti start heyətini buraxıb: qapıçı Stas Pokatilov, meydan oyunçuları Stiv Solve, Rəhman Daşdəmirov, Akim Zedadka, Vladislav Puhaç, Umarəli Rəhmonəliyev, İvan Lepinitsa, Aleksey İsayev, Veljko Simiç, Coy-Lens Mikels və Aaron Maluda.
Kreyq Harrisonun baş məşqçisi olduğu Uels təmsilçisi TNS isə oyuna bu tərkiblə daxil olub: qapıçı Natan Şepperd, meydan oyunçuları Daniel Redmond, Cek Bodenem, Dinel Simeu, Daniel Uilyams, Eoin Farrell, Dominik Korness, Leo Smit, Ben Klark, Cordan Uilyams və Ris Hyuz.
Matçın ilk hissəsi tərəflərin qarşılıqlı hücumları fonunda qolsuz bərabərliklə başa çatsa da, ikinci hissədə təmsilçimiz oyunun gedişatına nəzarəti tamamilə ələ alıb.
Görüşün 66-cı dəqiqəsində Veljko Simiç rəqib qapısına yol taparaq hesabı açıb. "Sabah"ın hücum taktikasını davam etdirməsi növbəti qolla nəticələnib. Belə ki, 84-cü dəqiqədə Kahem Paris fərqi iki topa çatdırıb.
Oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrdə (90+2) komandamızın üzvü Akim Zedadka birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Qeyd olunan qarşılaşmada "Sabah" klubunun heyətində Amin Ramazanov, Seymur Mirzəmmədov, Rauf Əyyubov, Eyden Makkarti, Telman Mütəllimov, Junior Erivaldo Almeyda, Abdulax Xaybulayev, Şakir Rüstəmli, Rodriqo Fernandeş, Nicat Muxtarov, Elçin İbrahimov, Yunis Laşabi, Ksander Severina və Patrik Orfe Mbina ehtiyat oyunçular skamyasında qərarlaşıblar. Qonaq komandanın ehtiyat heyətində isə Cek Edvards, Corc Cenkins, Isaak Qodvin, Harri Qodsmark-Ford, Daniel Devis, Zak Nolan, Ben Vullem, Ellis Makkyu, Rayan Brobbel, Ceyk Kənavan, Coşua Lok, Brodi Sammers, Daniel Barton, Cek Nədin, Luis Fillips, Isaak Cefferis və Lyuis Vinn yer alıblar.



