Danimarka Baş nazirindən Avropanın yenidən silahlanması və NATO-nun gücləndirilməsi çağırışı
Danimarkanın Baş naziri Mette Frederiksen qlobal təhlükəsizlik mühitinin getdikcə daha qeyri-sabit hala gəldiyini bildirərək, Avropanın yenidən silahlanması və NATO alyansının gücləndirilməsi çağırışını edib.
AFN.az xəbər verir ki, Frederiksen 36-cı NATO Dövlət və Hökumət Başçıları Sammitindən əvvəl mətbuat nümayəndələrinə bəyanatla çıxış edib.
Dünyanın hər keçən gün daha təhlükəli bir məkan olduğunu vurğulayan Frederiksen daha güclü bir NATO-ya ehtiyac duyulduğunu, tarixin ən qüdrətli alyansına sahib olduqlarını və bunu bu şəkildə qorumalı olduqlarını diqqətə çatdırıb.
O, əsas mesajının Avropanın yenidən silahlanmasının daşıdığı mühüm əhəmiyyət olduğunu qeyd edib.
Danimarka Baş naziri Avropa miqyasında və transatlantik çərçivədə ABŞ ilə güclü bir müdafiə sənayesi bazasının formalaşdırılmasına, eləcə də Ukraynaya dəstək göstərilməsinə çağırış edərək, Ukraynaya daha çox yardım edilməli olduğunu, Rusiya üzərindəki təzyiqin artırılmasının və bu müharibənin tək ədalətli qalibinin Ukrayna olmasının təmin edilməsinin vacibliyini ifadə edib.
ABŞ-nin Qrenlandiyaya yönəlik yanaşmasını da tənqid edən Frederiksen ölkəsinin bu məsələdəki mövqeyinin son dərəcə aydın olduğunu xatırladıb və Qrenlandiyanın satılıq olmadığını, müttəfiqlər də daxil olmaqla hər kəsin Qrenlandiya xalqının öz müqəddəratını təyin etmə hüququna, eləcə də ölkəsinin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşmalı olduğunu vurğulayıb.
NATO-nun kollektiv müdafiə prinsiplərini ehtiva edən 5-ci maddəsinə tam sadiq olduqlarını diqqətə çatdıran Baş nazir bu maddənin onların sığortası olduğunu və Danimarka Krallığını sonuna qədər müdafiə edəcəklərini bəyan edib.
O, həmçinin ABŞ-nin NATO-nun 5-ci maddəsinə olan sadiqliyinə şübhə etmədiyini və NATO olmadan xalqının təhlükəsizliyini təmin etməyin mümkün olmadığını əlavə edib.
İslandiyanın Baş naziri Kristrun Frostadottir də məsələyə münasibət bildirərək Qrenlandiyanın Qrenlandiya xalqına məxsus olduğunu və onların ABŞ-nin bir hissəsi olmaq istəmədiklərini bəyan edib.
İslandiya Baş naziri NATO-nun son 12 ayda daha da gücləndiyini diqqətə çatdıraraq, hazırda diqqətin Qrenlandiya ətrafındakı müzakirələrə deyil, Rusiya təhlükəsinə yönəldilməsinin vacibliyini qeyd edib.
