Aİ: ABŞ və İran arasındakı hücumlar danışıqları daha mürəkkəb hala gətirir
Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas ABŞ ilə İran arasındakı qarşılıqlı zərbələrin müharibəni başa çatdırmağa yönəlmiş onsuz da son dərəcə çətin olan danışıqları daha da mürəkkəbləşdirdiyini bildirib.
AFN.az xəbər verir ki, Kallas İranın Bəhreyn və Küveytə hücumlarının qəbuledilməz olduğunu vurğulayıb.
Kallas ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə hücumlarına cavab olaraq boğaz yaxınlığındakı 80-dən çox hərbi hədəfi vurmasından sonra "X" sosial şəbəkə hesabında bəyanat yayıb.
Tehranın əldə olunmuş anlaşma çərçivəsində Hörmüz boğazını yenidən naviqasiya üçün açmaq öhdəliyi götürdüyünü xatırladan Kallas son vaxtlar boğaz yaxınlığındakı gəmilərə qarşı həyata keçirilən hücumların bu öhdəliyi pozduğunu və enerji təchizatının bərpasını təhlükə altına saldığını diqqətə çatdıraraq gəmiçilik azadlığının heç bir halda məhdudlaşdırılmaması barədə xəbərdarlıq edib.
Aİ-nin Ali Nümayəndəsi ABŞ və İran arasındakı qarşılıqlı hücumların münaqişəni dayandırmaq istiqamətindəki danışıqlar prosesini çətinləşdirdiyini və İranın Bəhreyn ilə Küveytə yönəlik zərbələrinin yolverilməz olduğunu bildirib.
Aİ Xarici İşlər nazirlərinin Körfəz ölkələrindəki həmkarları ilə iyulun 13-də bir araya gələrək razılaşmanın tətbiqinə necə dəstək verə biləcəklərini müzakirə edəcəklərini qeyd edən Kallas görüşdə həm Hörmüz boğazında, həm də Qırmızı dənizdə gəmiçilik azadlığının qorunması yollarının nəzərdən keçiriləcəyini vurğulayıb.
