Tramp: Böyük ehtimalla bu axşam İrana çox ağır zərbə vuracağıq



ABŞ Prezidenti Donald Tramp Ankarada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

AFN.az xəbər verir ki, Tramp böyük ehtimalla bu axşam İrana çox ağır zərbə vuracaqlarını bildirib.

Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada keçirilən 36-cı NATO Dövlət və Hökumət Başçıları Sammitindən sonra mətbuata açıqlamalar veriblər.

Ankara sammitindən təriflə bəhs edən Tramp hava limanından iclas zalına qədər hər şeyin qüsursuz olduğunu söyləyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın güclü və yaxşı lider olduğunu vurğulayan Tramp onun möhtəşəm iş gördüyünü və həqiqətən çox səmərəli bir görüş keçirdiklərini qeyd edib.

İranın Hörmüz boğazında ticarət gəmilərini hədəf almasından sonra ABŞ-nin bu ölkədəki hədəflərə zərbələr endirdiyini xatırladan Birləşmiş Ştatlar rəhbəri ötən gecə onları vurduqlarını, bu axşam da böyük ehtimalla çox ağır zərbə endirəcəklərini ifadə edib.

İranın nüvə silahına sahib olmasına icazə verməyəcəklərini bir daha vurğulayan Tramp Tehranla aparılan danışıqlarda əsas gündəm mövzusunun bu ölkənin nüvə proqramı olduğunu diqqətə çatdırıb.

İran üzərinə hücumlarla bağlı danışan Tramp hələ ki, onları ən yüksək səviyyədə vurmadıqlarını, körpülərinin yerində qaldığını, istəsələr onları yerlə-yeksan edə biləcəklərini bəyan edib.

Hark adasını nəzarətə ala biləcəklərini dilə gətirən Tramp orduya neft kəmərlərini vurmamaq barədə əmr verdiyini qeyd edib.

İranda Əli Xamenei üçün təşkil olunan dəfn mərasimini hədəf almadıqlarını və iranlıların bunun üçün vaxt istədiklərini bildirən Tramp heç bir müdaxilə etmədiklərini söyləyib.

İran üzərində dəniz blokadasını qaldıra və ya yenidən tətbiq edə biləcəklərini işarə edən Tramp mühasirənin yalnız İrana qarşı olacağını diqqətə çatdırıb.

ABŞ Prezidenti ötən gecə İrana aid 28 gəmini batırdıqlarını vurğulayıb.

Rusiya Prezidenti Vladimir Putin və Zelenski ilə görüşdüyünü bildirən Tramp hər iki liderin müharibəni dayandıracaq bir razılaşmaya gəlmək istədiklərini söyləyib.

Putinin üzərində böyük təzyiq olduğunu deyən Tramp onun baş verənlərdən məmnun olmadığını düşündüyünü bildirib.

Zelenski ilə görüşdə "Patriot" hava hücumundan müdafiə sistemlərinin müzakirə ediləcəyini qeyd edən Tramp Ukraynaya "Patriot" istehsal etmək üçün lisenziya verəcəklərini və şirkətlərin birgə işləyəcəyini bəyan edib.

Açıqlamaları zamanı dil qüsuru yaşayan Tramp bir məqamda İran İslam Respublikası əvəzinə Yaponiya İslam Respublikası ifadəsini də işlədib.

Zelenski də öz növbəsində ABŞ-nin Ukraynaya verdiyi dəstəyə görə təşəkkür edib və PUA-lar sahəsində əməkdaşlığın başladığını diqqətə çatdırıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu