İranla ABŞ arasında böyük müharibə olacaqmı?
İranla ABŞ arasında bağlanmış atəşkəs zatən ilk gündən kövrək idi. Çünki masada olan 14 bəndlik sənədin özü mübahisəli idi. İranın o sənədin nüvə silahına, Livana, Hörmüz boğazına aid bəndlərini yerinə yetirməyəcəyi bəlli idi.
AFN.az xəbər verir ki, bunu saytımıza İran-ABŞ münasibətlərindəki yeni gərginliyi şərh edən politoloq Elxan Şahinoğlu deyib.
O vurğulayıb ki, İran Hörmüz boğazındakı tankerləri hədəf aldıqdan sonra Amerika da cavabında həmin ölkədəki obyektləri vurdu: "Bu gün Tramp da NATO-nun Ankarada keçirilən zirvə toplantısında bildirdi ki, artıq saziş işləmir. Zatən əvvəlcədən işləmirdi bu niyyət protokolu. Ona görə də vəziyyət gərginləşməyə davam edəcək. Prosesin böyük müharibəyə çevriləcəyini də ehtimal etmirəm. Amma lokal döyüşlər, toqquşmalar o vaxta qədər davam edəcək ki, İrandakı rejim mövqeyində sabit qalacaq".
E.Şahinoğlunun sözlərinə görə, məsələni qəlizləşdirən İranda qərarı verənlərin kimliyinin bilinməməsidir: "Ali dini lider ortada yoxdur, atasının yas mərasiminə də qatılmadı. Ola bilsin, vəziyyəti çox ağırdır, ona görə yoxdur meydanda. Belədirsə, deməli, o qərar verə bilmir. Qərar verənlər güman ki, bir qrup SEPAH generalıdır, hansı ki, heç prezidenti və xarici işlər nazirini də dinləmirlər. Prezident və xarici işlər nazirindən olsa, onlar bölgədə sabitlikdə maraqlıdırlar, çünki İranda iqtisadi vəziyyət getdikcə ağırlaşır. Onlar insanların sosial durumunu düşünməyə məcburdurlar, SEPAH generalları isə bunu düşünmürlər. Dünən tankerlərə zərbə qərarını da böyük ehtimalla SEPAH generalları verib və gördüyümüz kimi, Amerika da buna seyrçi qalmadı. Bu da o deməkdir ki, o memorandum işləməyəcək və biz Yaxın Şərqdə gərginliyin yenidən artacağını, davam edəcəyini müşahidə edəcəyik".
