NATO Baş katibi: Dünənki gün böyük bir uğur idi



NATO Baş katibi Mark Rutte Ankara Sammitinin ilk gününü böyük bir uğur kimi qiymətləndirərək, nəticə etibarilə çox daha güclü bir NATO və daha güclü NATO daxilində çox daha güclü bir Avropanın ortaya çıxdığını bildirib.

AFN.az xəbər verir ki, Rutte NATO Ankara Sammitinin ikinci günündə dövlət və hökumət başçılarını "Şimali Atlantika Şurasının İclasında" bir araya gətirəcək əsas sessiyadan əvvəl mətbuat nümayəndələrinə açıqlama verib.

Prezident Rəcəb Tayyib Ərdoğana, Türkiyə Hökumətinə və Ankara sakinlərinə təşəkkür edən baş katib, bunun həqiqətən yüksək qiymətləndirildiyini, vacib bir sammit olduğunu və onların çox səmimi ev sahibliyi etdiklərini vurğulayıb.

Rutte keçən il keçirilən Haaqa Sammitinin tamamilə planlaşdırma və hədəf müəyyənləşdirmə ilə bağlı olduğunu, Ankara Sammitinin isə praktiki icraat və bu hədəfləri reallaşdırmaqla əlaqədar olduğunu diqqətə çatdırıb.

Alyans miqyasında xərc tutumunun, müdafiə sənayesi investisiyalarının artdığına işarə edən Rutte Sammitin ilk günü ilə bağlı dünənki günün böyük bir uğur olduğunu, böyük irəliləyiş əldə edildiyini, çoxlu sayda yeni müqavilə və yeni öhdəliklərin elan olunduğunu deyib.

ABŞ baxımından müttəfiqlər arasında müdafiə xərclərini daha balanslı hala gətirmək məqsədinin reallaşdığını bildirən Rutte bu il artıq 4 faiz səviyyəsinə çatdıqlarını və bunun fövqəladə bir irəliləyiş olduğunu qeyd edib.

O, bu nəticənin yalnız Prezident Donald Trampın sayəsində olmadığını, Rusiyadan gələn təhlükənin də mühüm səbəblərdən biri olduğunu, lakin sammitdə əldə edilən nailiyyətlərin Tramp üçün bir qazanc, Vladimir Putin üçün isə bir itki olduğunu vurğulayıb.

"Nəticədə çox daha güclü bir NATO və daha güclü bir NATO-nun içində çox daha güclü bir Avropa ortaya çıxır" deyən Baş katib bugünkü iclasdan müttəfiqlərin iki məsələni aydın şəkildə təsdiqləmələrini gözlədiyini ifadə edib.

Bunlardan birincisi İranın heç vaxt nüvə silahı imkanlarına malik olmaması, ikincisi isə gəmiçilik azadlığı prinsipidir.

Hörmüz boğazının yenidən tamamilə açıq olmasının strateji baxımdan son dərəcə mühüm olduğunu bildirən Rutte bunun 32 müttəfiqin hamısı üçün həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Yekun bəyannamədə Rusiya ilə bağlı yer alacaq ifadəyə toxunan baş katib müttəfiqlərin birgə şəkildə Rusiyanın NATO ərazilərinə yönəlik uzunmüddətli təhlükə olduğunu qəbul edəcəklərini gözlədiyini bildirib.

Rutte ABŞ-nin İrana qarşı son zərbələri ilə bağlı suala cavab olaraq bunun mütləq şəkildə zəruri olduğunu, çünki atəşkəs qüvvədə olduğu halda İranın bu atəşkəsi pozduğunu gördüklərini, bu səbəbdən ABŞ-nin qətiyyətli cavab verməsinin son dərəcə vacib olduğunu diqqətə çatdırıb.

Trampın ABŞ qoşunlarını Avropadan çəkə biləcəyi və Qrenlandiyanı yenidən nəzarətə almaq istədiyi yönündəki açıqlamalarına münasibət bildirən Rutte ABŞ-nin NATO-ya sadiqliyinin qəti olduğunu və buna şübhə etmədiyini vurğulayıb.

Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyini qeyd edən baş katib müttəfiqlərin yenidən çoxillik öhdəliklər götürəcəklərini gözlədiyini bildirib.

Putinə hansı mesajı vermək istədiyinə dair suala cavabında Rutte 1 milyard insanın təmsil olunduğu bu alyansın öz torpaqlarının hər bir santimetrini müdafiə edəcəyini, NATO-nu məğlub etməyin qeyri-mümkün olduğunu və heç kimin alyansla oynamağa cəhd etməməli olduğunu ifadə edib.

Qeyd edək ki, Türkiyənin ev sahibliyi ilə baş tutan NATO Ankara Sammitində 32 üzv ölkə ilə yanaşı Asiya-Sakit okean regionundakı bəzi tərəfdaşların liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edir.

36-cı NATO Dövlət və Hökumət Başçıları Sammitinin ilk gününə NATO Müdafiə Sənayesi Forumu damğasını vurub.

Forum çərçivəsində NATO-nun Kosmos və Müşahidə, Hücum Qabiliyyətləri, eləcə də İnteqrasiya Edilmiş Hava və Raket Müdafiəsi sahələrindəki yeni layihələrinə tərəf olan ölkə və şirkətlərlə birgə imzalama mərasimi keçirilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu