NATO müdafiə sənayesinə daha sürətli istehsal aparılması ilə bağlı çağırış edib



NATO Baş katibi Mark Rutte ittifaq miqyasında müdafiə sənayesinin istehsal gücünün sürətlə artırılmalı olduğunu vurğulayıb.

AFN.az xəbər verir ki, baş katib 7-8 iyul tarixlərində keçiriləcək Ankara Sammitindən konkret nəticələrin əldə olunacağı gözləntisini yenidən dilə gətirib.

NATO Qərargahında ABŞ tərəfindən təşkil edilən Transatlantik Müdafiə Sənayesinə Çıxış Forumunda 50-dən çox Amerika şirkəti ilə belçikalı müdafiə sənayesi nümayəndələri bir araya gələrək transatlantik müdafiə əməkdaşlığının inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.

Forumdakı çıxışı zamanı Rutte müdafiə şirkətlərinə daha qısa müddətdə daha çox atəş gücü istehsal etmək çağırışı edib. O, şirkətlərin daha çox istehsal etməsinin çəkindirmə və müdafiə mövqeyini daha da gücləndirəcəyini, bununla da hamının daha təhlükəsiz şəraitdə yaşayacağını qeyd edib.

Rutte müttəfiqlərin ötən il NATO Haaqa Sammitində razılaşdıqları və ümumi daxili məhsulun 5 faizinin müdafiəyə ayrılmasını nəzərdə tutan investisiya planına diqqət çəkərək bu hədəfin sadəcə büdcə artımından ibarət olmadığını bildirib.

NATO Ankara Sammitinin konkret nəticələrin ortaya qoyulacağı bir platforma olmalı olduğunu deyən baş katib nağd resursların kritik əhəmiyyət daşıdığını, lakin gələn ay Ankarada keçiriləcək sammitin sadəcə maliyyələşmə ilə bağlı olmayacağını vurğulayıb.

Onun sözlərinə görə, bu sammit həm də müharibəyə hazır imkanlar və müdafiə sənayesinin əhəmiyyətli dərəcədə böyüdülməsi ilə əlaqədar olmalıdır.

Müdafiə xərclərinin və sektora yönəlmiş investisiyaların təkcə təhlükəsizliyi deyil, həm də iqtisadi artımı və məşğulluğu dəstəklədiyini bildirən Rutte müdafiə sənayesinin gücləndirilməsinin müttəfiq ölkələrdə yeni iş yerləri yaradacağını qeyd edib.

Avropa ilə Şimali Amerika arasındakı müdafiə əməkdaşlığının önəminə toxunan Rutte fikirləri, imkanları və Atlantikin hər iki tərəfində mövcud olan sənaye potensialını bir araya gətirdikdə müdafiənin ən güclü səviyyəyə çatacağına dair qəti inamını ifadə edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu