NATO-nun yeni layihələri elan edilib



NATO-nun "Kosmos və Müşahidə", "Hücum İmkanları""İnteqrasiya Edilmiş Hava və Raket Müdafiəsi" sahələrindəki yeni layihələrinə tərəfdaş olan ölkə və şirkətlərlə kollektiv imzalama mərasimi keçirilib.

AFN.az xəbər verir ki, NATO Baş katibinin müavini Radmila Şekerinska 36-cı NATO Dövlət və Hökumət Başçılarının Sammiti çərçivəsində Ankarada təşkil olunan Müdafiə Sənayesi Forumunda alyansın yeni layihələrindən danışıb.

NATO-nun "Kosmos və Müşahidə" sahəsindəki layihələrini təqdim edən Şekerinska bunun kritik infrastrukturun bir hissəsi olmaqla bərabər, həm də təhlükəsizlik üçün həyati əhəmiyyət daşıdığını, kosmik imkanlar olmadan orduların bu gün düzgün fəaliyyət göstərə bilməyəcəyini vurğulayıb.

O, kosmik texnologiyaların daha sərfəli hala gəldiyini, raket buraxılış xərclərinin isə əhəmiyyətli dərəcədə artdığını, nəticədə daha çox ölkənin öz peyk şəbəkələrinə investisiya qoyduğunu qeyd edib.

Şekerinska "Halo" adlı peyk qrupunun yaradılmasını araşdırmaq üçün yeni layihənin başladılmasını elan etməkdən böyük məmnunluq duyduğunu bildirərək, bu modelin tək bir ölkənin peyk donanmasının xərc, zaman və əhatə dairəsi məhdudiyyətlərini aşacağını, xüsusilə yüksək sürətli rabitə, kəşfiyyat və raket izləmə sahələrində böyük fayda təmin edəcəyini vurğulayıb.

Kosmik kəşfiyyat sahəsindəki təşəbbüslə bağlı da məlumat verən Baş katib müavini bunun "Kosmosdan Alyansın Davamlı Müşahidəsi (APSS)" adlı layihə olduğunu, iki il əvvəl Vaşinqton Sammitində başladıldığını və bu gün İspaniyanın bu təşəbbüsə qoşulan 19-cu ölkə olacağını qeyd edib.

Türkiyənin iki yeni yüksək dəqiqlikli peyk hazırlamaq planına toxunan Şekerinska bu peyklərin TÜBİTAK Kosmos İnstitutu tərəfindən Türkiyədə inşa ediləcəyini, həmçinin Türkiyənin ASELSAN ilə alçaq orbitli peyklər və hərbi rabitə sistemlərinin inkişafı, eləcə də "Polad Qübbə Milli İnteqrasiya Edilmiş Hava Müdafiəsi" çərçivəsində erkən xəbərdarlıq radar sistemlərinin tədarükü və təkmilləşdirilməsi üçün müqavilələr imzaladığını diqqətə çatdırıb.

Şekerinska fövqəladə hal zamanı ehtiyat peyki orbitə buraxmaq üçün şirkətlər və kosmik limanlardan ibarət şəbəkə yaratmağı hədəfləyən "Starlift Təşəbbüsü" üzərində də işlərin getdiyini bildirib.

NATO-nun "Hücum İmkanları" sahəsindəki layihələrinə də deyinən rəsmi aşağı xərcli qanadlı və ballistik raketləri böyük miqyasda inkişaf etdirmək və tədarük etmək məqsədilə yaradılan "Yerüstü Dəqiq Zərbə Layihəsi"ni təqdim edib.

Digər bir təşəbbüs olan sursat prototipinin hazırlanmasına toxunarkən o, ev sahibi ölkə Türkiyənin də mühüm sayda "ATMACA" yerüstü uzaqmənzilli qanadlı raketi tədarük etmək öhdəliyi götürdüyünü vurğulayıb.

Şekerinska bu təşəbbüslərin istehsalın əhəmiyyətli dərəcədə artırılmasına və silahlı qüvvələrin təhlükəsizliyi təmin etmək üçün lazım olan hər şeyə sahib olmasına kömək edəcəyini bəyan edib.

NATO-nun "İnteqrasiya Edilmiş Hava və Raket Müdafiəsi" sahəsindəki layihələrindən bəhs edən Şekerinska bu sistemləri NATO-nun müdafiə xəttinin ön cəbhəsi kimi xarakterizə edib.

Son aylarda Rusiya PUA-ları və təyyarələri tərəfindən hava məkanının dəfələrlə pozulduğuna şahid olduqlarını, həmçinin NATO-nun İrandan müttəfiq Türkiyəyə doğru atılan ballistik raketləri uğurla zərərsizləşdirdiyini xatırladan rəsmi, təhlükəsizliyi təmin etmək üçün bu sistemlərə daha çox ehtiyac olduğunu bildirib.

O, işləri daha sürətli və keyfiyyətli reallaşdırmaq, ən yeni texnologiyaları inteqrasiya etmək üçün bütün resursları birləşdirərək birgə fəaliyyət göstərməyin vacibliyini, bunun hava məkanını təhlükəsiz saxlamaq və çəkindirmə gücünün etibarlılığını qorumaq üçün zəruri olduğunu vurğulayıb.

Müttəfiqlərin əlavə müdafiə xərclərindən səmərəli istifadə etməyə başladığını deyən Şekerinskanın çıxışından sonra layihələr üzrə kollektiv imzalama mərasimi baş tutub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu