Litva MN: NATO qırıcıları iyunda Rusiya təyyarələrini 24 dəfə müşayiət edib
Litvanın Zoknyay aviabazasında yerləşən NATO qırıcıları iyun ayı ərzində Baltikyanı ölkənin hava sərhədləri yaxınlığında Rusiya hərbi təyyarələrini 24 dəfə müşayiət edib.
AFN.az xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb. Ən yüksək aktivlik ayın ilk həftəsində (7 müşayiət) qeydə alınıb, sonrakı həftələrdə isə qırıcılar 4-5 dəfə havaya qalxıb. Müqayisə üçün, NATO qüvvələri analoji addımı martda 19, apreldə 20, mayda isə 9 dəfə atıb.
Rusiya Müdafiə Nazirliyi isə hərbi təyyarələrin Kalininqrad vilayətinə uçuşlarının beynəlxalq qaydalara tam uyğun olaraq, neytral sular üzərində həyata keçirildiyini bəyan edir. Qeyd edək ki, şəxsi aviasiyası olmayan Baltikyanı ölkələrin hava məkanına nəzarət 2004-cü ildən rotasiya qaydasında NATO müttəfiqləri tərəfindən təmin edilir.

