İspaniya və Meksika arasında siyasi gərginlik
İyunun 2-də Meksikada keçirilən prezident seçkilərində qalib gələn Klaudiya Şeynbaum Pardonun oktyabrın 1-də keçiriləcək andiçmə mərasiminə İspaniya Kralı VI Felipenin dəvət edilməməsinə qarşı çıxan İspaniya mərasimə heç bir nümayəndəsini göndərməyəcəyini açıqlayıb.
İspaniya Xarici İşlər Nazirliyindən verilən açıqlamada, “İspan hökuməti 1 oktyabrda Mexikoda keçiriləcək Meksikanın seçilmiş prezidenti Klaudiya Şeynbaum Pardonun andiçmə mərasimində Kral VI Felipenin qonaqlar arasında yer almamasını qəbuledilməz hesab edir. Buna görə də İspaniya hökuməti öz nümayəndələrindən heç birini bu mərasimə göndərməmək qərarına gəlib” ifadələri qeyd edilib.
Parlament monarxiyası ilə idarə olunan İspaniyanın dövlət başçısı Kral VI Felipe, xüsusilə Latın Amerikası ölkələrində rəsmi mərasimlərdə İspaniyanı həmişə təmsil etməsi ilə tanınıb.
Digər tərəfdən, İspaniyanın rəsmi xəbər agentliyi "EFE" Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən yazıb ki, İspaniya hökuməti tərəfindən Meksikaya reaksiya məntiqli, aydın və güclüdür.
Qeyd edək ki, Klaudiya Şeynbaum Pardo iyun ayında Meksikanın ilk qadın prezidenti seçilib.
Mənbə: AA