İspaniya və Argentina arasında diplomatik böhran böyüyür


Argentina prezidenti Xavyer Mileinin İspaniyanın baş naziri Pedro Sançesi hədəf alan açıqlamaları ilə başlayan və İspaniyanın Buenos Ayres səfirini məsləhətləşmələr üçün mərkəzə çağırması ilə böyüyən İspaniya-Argentina diplomatik böhranı dərinləşir.


Milei Sançesin həyat yoldaşına qarşı korrupsiya iddialarını gündəmə gətirdikdən və İspaniyanın baş nazirinin "çirklənmiş" olduğunu söylədikdən sonra Argentina İspaniyanın "ictimai üzr istəməsi" tələbinə mənfi cavab verdi.

Argentinanın daxili işlər naziri Gilyermo Frankos İspaniyanın xarici işlər naziri Xose Manuel Albaresin sorğusuna cavabında deyib: "Onların niyə bu qədər kövrək olduqlarını anlamıram. Üzr istəyəcək bir şey yoxdur".

Argentinanın TN televiziyasına açıqlama verən nazir Frankos, İspaniya hökumətinin reaksiyasının şişirdilmiş olduğunu və böhran yaradacaq bir vəziyyətin olmadığını bildirib.

Argentinanın Madriddəki səfirini görüşə dəvət edən İspaniya xarici işlər naziri Albares də İspaniyanın "La Sexta" televiziyasına verdiyi açıqlamada həftə sonu Madridə gələn və ifrat sağçı Vox Partiyasının tədbirində çıxış edən Mileinin sözlərinin İspaniya qurumlarını hədəf aldığını söyləyib və üzr istənməsini tələb edib.

Albares, "İspaniyanın mövqeyi aydın və qətidir. Mileidən ictimaiyyətdən üzr istəməzsə, lazımi tədbirləri görəcəyik" - deyə qeyd edib.

"Bir dövlət başçısının qonaq olduğu bir ölkəyə gələrək baş naziri və dövlət qurumlarını təhqir etməsi cavabsız qala bilməz" deyən Albares ümid etdiyini bildirib ki, bu sözlər geri götürüləcək. "Bunu da qeyd etməliyəm ki, deyilənlər baş verməsə, biz dövlət qurumlarının şərəfini, suverenliyimizi və demokratiyamızı müdafiə edən qərarlar verəcəyik" - deyə o əlavə edib.

İspaniyanın baş naziri Pedro Sançes bu gün qatıldığı konfransdakı çıxışında İspaniyanın Argentinaya reaksiyasının demokratiyanın ləyaqətinə uyğun olacağını bildirib və “həddindən artıq sağçıların beynəlxalq riskə çevrilməsi” barədə xəbərdarlıq edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu