"Real Əmlak" şirkətinin əməkdaşı vətəndaşlara külli miqdarda pul "atıb" - ŞİKAYƏT


Cəfərova Gültəkin Rövşən qızı Azərbaycan Respublikası İnsan Haqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyevaya müraciət edib.


Müraciətini AFN.az-ın redaksiyasına da ünvanlayan G.Cəfərova bildirir ki, uzun illər kirayədə yaşayıb, öz zəhməti ilə ayaqda qalmağa çalışıb: "Sadə bir vətəndaşam. Ali təhsilliyəm və uzun illərdir ki, bir nəşriyyatın redaktoru, baş redaktorunun müavini kimi fəaliyyət göstərirəm. İki azyaşlı övladım var, həyat yoldaşım da nəşriyyat sistemində çalışır. Ailəmi kirayədən qurtarmaq üçün ikimizin birlikdə illərlə topladığımız vəsait tam ödənişə çatmadığı üçün ilkin ödəniş etməklə, mənzil almaq qərarına gəldik.
2020-ci ilin yay aylarında ev alqı-satqı işi ilə məşğul olan ölkənin ən böyük saytlarından birində – “Yeni Əmlak”da bir elanla rastlaşdım və özünü “Real Əmlak” agentliyinin nümayəndəsi kimi təqdim edən Sadıqov Baba adlı şəxslə MİDA inşaat agentliyindən mənzil almaq üçün maraqlandım. Görüş zamanı Baba Sadıqov MİDA binalarından mənə 84 m2 -lik mənzili alacağını deyərək 23.000 manat pul istədi. Bunun üçün ilkin olaraq 3000 manatlıq beh aldı. Sonradan məni Hüseynov Mətləb Nurəddin oğlu ilə tanış edərək evin sənədləşmə işlərini onun həll edəcəyini bildirdi. Qeyd edim ki, bu elanın uzun müddət saytda açıq-açığına, hər kəsin gözü qarşısında qalması məndə onun saxta ola biləcəyi ilə bağlı heç bir şübhə oyandırmadı. Hüseynov Mətləblə aramızda 7500 manatlıq müqavilə bağlandı və notariusla təsdiqləndi. Bundan başqa, onlar məni Abbasov Emin adlı şəxslə tanış etdilər və onun vasitəsilə məndən 12,500 manat pul aldılar. Evin təhvilini əvvəl sentyabr ayı üçün söz versələr də, müharibənin başlaması ilə əlaqədar məsələnin uzandığını bildirdilər.
2021-ci ilin yanvar ayında telefonlarına zəng çatmadığı üçün agentliyə getdim və hər şeyin saxta olduğunu anladım. Beləliklə, mənim 23.000 manat pulum qeyd olunan şəxslər tərəfindən alınaraq geri qaytarılmayıb. 19 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayevə şikayət məktubu yazmağıma baxmayaraq, bir dəfə də olsun, məni çağırıb problemimlə maraqlanan olmayıb. Yalnız vəkilə müraciət edəndən sonra rəsmi şəkildə zərərçəkmiş kimi qeydiyyata alındım. Bundan sonra işin məhkəmə prosesi başladı. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə məhkəmə prosesi 1 ildən çox davam etdi. 70-dən artıq zərərçəkmişin olması işin nə qədər ciddi və böyük miqyasda olduğunu göstərir. Hazırda məhkəmə işini yekunlaşdırmış və təqsirləndirilən şəxslər tutulmuş, zərərin geri ödənilməsi tələbi qoyulmuşdur. Lakin məhkəmə bitsə də, təqsirləndirilən şəxslər yenidən apelyasiya məhkəməsinə müraciət etmiş və beləliklə, proses həll olunmamış qalmışdır".
G.Cəfərova bildirir ki, rəsmi bir saytda verilən elan əsasında ev almağı, sənədləri notariusda qeydə aldırmağı belə onu fırıldaqçıların qurbanı olmaqdan xilas edə bilməyib: "Əslində, bütün bu baş verənlər ölkədə qeyd edilən strukturlarda nə qədər əhəmiyyətli qüsurların, çatışmazlıqların və qanun pozuntularının olduğundan xəbər verir. Son zamanlar bu ölkədə ev sahibi olmaq istəyən nə qədər insanın pulu fırıldaqçılar tərəfindən mənimsənilir. Bu cür faktlar isə dövlətimizi, dövlət rəhbərimizin başçılığı ilə aparılan quruculuq işlərini gözü götürməyən qüvvələrin əlinə tənqid etmək üçün əsaslı səbəb verir.
Bu ölkənin vətəndaşı olaraq, daim onun mənafeyini düşünən biri kimi məhkəmənin qərarının icrasının tez bir zamanda yerinə yetirilməsini istəyirəm. Lakin belə başa düşürəm ki, bir çox bu məzmunda olan məhkəmə işlərində olduğu kimi, bizim məhkəmə qərarının icraatı da yerinə yetirilməmiş qalacaq. Çünki özünüz də bilirsiniz ki, bu cür fırıldaqçılıqla məşğul olan insanlar öz işlərini qarantiya altına almaq üçün adlarında əmlak saxlamırlar.
Çox xahiş edirəm, bütün həyatını kitab, nəşr və kitabçılıq işinə həsr edən bir vətəndaş olaraq mənim problemimə biganə qalmayasınız. Mən dövlətimdən ev deyil, halal zəhmətlə topladığım pulun geri qaytarılmasını və pozulmuş hüququmun qorunmasını istəyirəm. Bütün hüquqlarımızın təminatçısı olan dövlətimizdə bu cür halların olmaması üçün bir vətəndaş olaraq bunu tələb etməyə haqqım olduğunu düşünürəm. Xatırladım ki, məhkəmədə zərərçəkmiş kimi qeydiyyatda olan həyat yoldaşım Elçin Cəfərovdur".
G.Cəfərova müraciətini ölkə rəhbərliyinə və aidiyyatı qurumlara da ünvanlayıb.
"Real Əmlak" daşınmaz əmlak şirkətilə əlaqə saxlayıb mövqe istəsək də, telefona cavab verən şəxs yalnız sualımızı rəhbərliyə çatdıra biləcəyini dedi. Qarşı tərəfin mövqeyini verməyə hazırıq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu