Mikayıl Cabbarov özü özünə müraciət etdi və qazı bahalaşdırdı: Vətəndaş isə qənaət etməlidir!
Azərbaycan Tarif Şurasının dünən qaz və elektrik enerjisinin qiyməti ilə bağlı qəbul etdiyi qərar ölkədə ciddi müzakirə və narazılıqlara səbəb olub. Vətəndaş haqlı olaraq ildən-ilə qaz hasilatını artıran bir ölkədə bu məhsulun qiymətinin öz gəlirlərinə adekvat olmamasından narazılıq edir. Çünki vətəndaşın gəliri onun ödədiyi kommunal haqlarla, ərzağa, səhiyyəyə şəkdiyi xərclərlə tərs mütənasibdir.
İqtisadçı-ekspert Natiq Cəfərlinin sözləri ilə desək, Azərbaycanda kommunal xidmətlərə və ərzağa çəkilən xərclərin gəlirə nisbəti ölkədə 80 faiz əhalinin kasıblıq həddində yaşadığını göstərir: “2020-ci ilin məlumatlarına əsasən əhalinin 21 faizi hətta 2200 m3 limiti belə keçib. Yəni, əhalinin ən azı 65-70 faizi yeni qaydalara görə limiti keçəcək, ancaq hökumət bu gün verdiyi açıqlamada israr edir ki, 50 faiz üçün qiymət artacaq, 50 faiz isə elə 1200 m3 limit çərçivəsini keçməyəcək. Əvvəla, əhalinin lap 50 faizi üçün də qiymət artımı olsa belə, bu, indiki sosial durum üçün çox pisdir, əhalinin daha da kasıblaşmasına səbəb olacaq. Çünki əhali kommunal xidmətlərə nə qədər çox pul xərcləyirsə, həyat keyfiyyətinin yüksəltmək üçün vəsaiti qalmır, qazancını ərzağa, kommunal xidmətə xərcləmək isə kasıblığın əsas göstəricisidir. Bu gün rəsmi rəqəmlərə görə, əhali qazancının 55 faizini ərzağa, 25 faizə yaxınını isə kommunal xidmətlərə xərcləyir, toplamda 80 faiz edir. Dünyada qazancının 25 faizdən çoxunu ərzağa və kommunal xidmətlərə xərcləmək kasıblıq sayılır, bu indikatora görə əhalinin 80 faizi bizdə kasıbdır!”
Bu arqumentlər Tarif Şurasının, ona rəhbərlik edən iqtisadiyyat naziri Mikayıl Cabbarovun nəzərində yetərli deyil. O, Müşahidə Şurasının sədri olduğu SOCAR-dan rəhbəri olduğu Tarif Şurasına daxil olan qiymət artımı müraciətini rahatlıqla müsbət cavablandırıb. Bu, bəlkə də dünyada yalnız Azərbaycanda rast gəlinəcək haldır ki, bir şirkətin Müşahidə Şurasının sədri həmin şirkətin satdığı malın qiymətini tənzimləyən qurumun rəhbəridir.
Tarif Şurası bəyan edir ki, ötən dövr ərzində ölkədə təbii qazın istehlakı artıb, həyata keçirilən infrastruktur layihələri nəticəsində qaz təchizatının əhatə dairəsi genişlənib, abonentlərinin sayı 18 faizə yaxın yüksəlib. Nəticədə dövlətin xərcləri xeyli dərəcədə artıb və 1000 kub metr təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci 2020-ci ildə 160 manat təşkil edib. Yenə dünya təcrübəsinə istinad etsək, alıcı sayının artmasının xərcləri artırdığına da yalnız Azərbaycanda rast gəlmək olar yəqin ki.
Şura deyir ki, təbii qaz üzrə son tarif tənzimlənməsi 2016-cı il noyabr ayının 28-də aparıllıb və ötən müddət ərzində ölkədə və dünyada müşahidə edilən tendensiyalara baxmayaraq, Azərbaycanda təbii qazın qiymətində dəyişiklik edilməyib. 2016-cı ildən bəri dünyada təbii qazın qiymətində ciddi artım yalnız ötən qışda qeydə alınıb. Dünyadakı tendensiyaları nəzərə almalı olsaydı, Tarif Şurası 2020-ci ildə qaz qiymətləri dibə enəndə Azərbaycanda da qiymətləri endirməliydi. Amma yox, bizdə belə praktika yoxdur axı – artan qiyməti heç vaxt azaltmazlar.
Digər sahələr üzrə tarif 20 qəpikdən 25 qəpiyə dəyişdirilib
Şura deyir ki, 2020-ci il üzrə ölkədə istehlak olunan təbii qazın 44 faizini “Azərenerji” ASC 12 qəpikdən, 28 faizini kvotaya uyğun olaraq istehlak edən əhali 1 kubmetr üçün 10 qəpikdən, 28 faizini isə 1 kubmetr üçün əhalinin çox az hissəsi və qeyri-əhali (sənaye, kənd təsərrüfatı, xidmət sahəsi və s.) 20 qəpik tarifi ilə istehlak edib. Hesabat dövründə Azərbaycanda təbii qaz istehlakı 12 milyard kubmetr təşkil edib. Bu isə o deməkdir ki, 2200 kubmetrlik limiti keçməyən əhali 3,3 milyard kubmetr qaz yandırıb. Hərçənd bu rəqəmin özü xeyli şübhəli görünür: rəsmi statistikaya əsasən 2019-cu ildə əhalinin qaz istehlakı ümumilikdə bu qədər təşkil edib. 2020-ci ildə havaların əvvəlki ilə nisbətən çox mülayim keçməsi nəinki Azərbaycanda, bütün dünyada qaz sərfiyyatını kəskin azaltmışdı.Yəni bu şəraitdə əhalinin ümumi istehlakının 3,7 milyard kubmetrə çatması inandırıcı görünmür.
Digər tərəfdən, bp şirkətinin açıqladığı məlumata əsasən 2020-ci ildə Azəri-Çıraq-Günəşli yataqlar blokundan SOCAR-a pulsuz verilən səmt qazının həcmi 2,2 milyard kubmetr təşkil edib. Bu isə o deməkdir ki, hökumətin könlündə olsa, bu həcm qarşılığında əhaliyə satılan qazın qiymətini sabit saxlaya bilərdi. Əhalinin aztəminatlı təbəqələrinə əksər ölkələrdə güzəştlər edilir. Məsələn, Gürcüstan Azərbaycanın kəmərlərinin öz ərazisindən keçməsi müqabilində ucuz aldığı qazın mühüm hissəsini aztəminatlı əhaliyə demək olar ki, elə aldığı qiymətə satır.
Tarif Şurası isə deyir ki, təbii qazın hasilatı və əhaliyə çatdırılmasına xərclənən vəsait təbii qazın satışından əldə olunan vəsaitdən xeyli dərəcədə aşağı olub və qaz təchizatı fəaliyyəti zərərlə nəticələnib.
“Azəriqaz” bəyan edir ki, son artıma qədər əvvəl 80 faiz əhali abonenti 2200 kubmetrlik limit daxilində qaz istehlak edirdi. Son rəqəmlərə əsasən isə 1200 kubmetr istehlak edən əhali abonentlərin sayı 1,3 milyona – 51 faizə yaxındır. Ümumi əhali abonentlərinin sayı 2.4 milyondur. İqtisadçı-ekspert Rövşən Ağayev bu rəqəmlə razılaşmır: “1200 kubadək istehlakı olan 51 faiz abonent heç də iddia edildiyi kimi, 5 milyon əhali demək deyil. Aşağı istehlakı olan abonentlərdə əhalinin daha az hissəsi yaşayır. O səbəbdən ki, bu kateqoriya kiçik ölçülü evlərdir. Məsələn, rəsmi statistikaya görə, ölkədə mövcud olan bütün mənzillərin (2.2 milyon mənzil) 1 milyonu və ya 45 faizi 1 və 2 otaqlı mənzillərdir. Yəni mənzil fondunun az qala yarısını təşkil edən 1-2 otaqlı mənzillərdə əhalinin yarısının yaşaması real deyil. Ona görə də rəsmi əsaslandırma sənədində istifadə olunan fakt etibarlı və dəqiq olmalıdır. Yaxşı olar ki, həmin 51 faiz abonentin real olaraq neçə ailə üzvündən ibarət olması, ümumi qaz istehlakının neçə faizinin onların payına düşməsi ilə bağlı dəqiq faktlardan istifadə edilsin. Digər tərəfdən, aşağı istehlak kateqoriyasına düşən abonentlərin heç də hamısında yaşayış yoxdur. Xüsusilə də Bakı, Xırdalan kimi məkanlarda yeni tikilən binalarda sayğaclar qoyulsa da, xeyli sayda mənzil boşdur. Amma statisitakada bu mənzillərin sahibləri aşağı istehlak kateqoriyasında sayı artırır.
Qaz təsərrüfatında zərərin büdcədən qarşılanması ilə bağlı əsaslandırma yetərli arqument və faktlarla göstərilməyib.
Əvvəla, qaz təsərrüfatının maliyyə fəaliyyətilə bağlı ətraflı maliyyə hesabatları yoxdur. Məsələn, “Azərsu”nun timsalında məlum oldu ki, zərərin şişməsinin fundamental səbəblərindən biri aktivlərin dəyərsizləşməsi və əsas vəsaitlərin amortizasiyası xərclərinin həddən artıq nəhəng məbləğ təşkil etməsidir. Bir sıra peşəkar auditorlar da bu xərc maddələrinin bəzi hallarda subyektiv amillər səbəbindən şişirdilməsi, nəticədə isə zərərin böyüdülməsi üçün münbit imkanlar açdığını qeyd edirlər.
“Azəriqaz”ın isə ayrıca hesabatı yoxdur. Əgər olsa idi, satışların maya dəyəri və satışlardan əldə olunan gəlirlər hesabına ümumi mənfəəti, müxtəlif xərc növləri və əməliyyat zərərinin ümumi həcmi, eləcə də zərəri formalaşdıran xərc maddələri barədə məlumatları görmək mümkün olardı. Yalnız görünən odur ki, hər 1000 kubmetr qazın istehsal maya dəyəri 70 manatı ötmür ki, bu da əhaliyə satılan qiymətdən əhəmiyyətli dərəcədə aşağıdır. Güman ki, zərər nəql sistemində yaranır.
Aydındır ki, qaz təsərrüfatı dövlət büdcəsindən hər il böyük subsidiya alır. Amma nə qədər alır? Niyə ictimaiyyət şəffaf şəkildə bunları görə bilməməlidir - eləcə də zərəri yaradan xərc maddələrini? İndiki halda qaz nəqli təsərrüfatını təcili olaraq dövlətsziləşdirmək lazımdır. Dövlətdən fərqli olaraq özəl subyekt investisiya xərclərini daha şəffaf idarə edəcək, mənfəət qazanmaq üçün daha effektiv xərcləyəcək, nəticədə zərərini üfürüb şişirdərək vətəndaşın cibinə yükləməyəcək..."
Tarif Şurası tarifləri qaldırarkən rəsmi statistikaya nəzər salmayıb. Salsaydı, ağır pandemiya məhdudiyyətlərinin ölkədə kütləvi işsizliyə, mövcud iş yerlərində əmək haqqının azalmasına gətirib çıxardığını görərdi. Görərdi ki, keçən ilin martından bəri fəaliyyətsiz qalan Turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində məşğul olanların sayı 80,5 min nəfər təşkil edib. Bu qədər insan gəlirindən ya tamamilə, ya da qismən məhrum olub. 2020-ci il ərzində ölkədə 20 min iş yeri bağlanıb.
Bu ilin yanvar-aprel aylarında Bakı şəhəri üzrə muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6 faizədək azalıb. Şura isə bildirir ki, son tarif tənzimlənməsinin qüvvəyə mindiyi 2017-ci ildə Azərbaycanda orta aylıq əmək haqqı 528,5 manat təşkil edib. Ötən müddət ərzində orta aylıq əmək haqqı 35 faiz artaraq 2021-ci ilin aprel ayı üzrə 713,2 manat olub. Halbuki Şura 2020-ci ilin martına qədər olan əmək haqqı məbləği ilə indiki məbləği müqayisə etsəydi, onun azaldığını görərdi. Axı rəsmi statistikaya əsasən 2021-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,9 faiz azalıb.
Bundan əlavə, muzdla işləyənlərin sayında da ciddi azalma var. 2021-ci ilin 1 yanvarına 1 milyon 691,8 min nəfər olan muzdlu işçi sayı mayın 1-nə 1 milyon 678,4 min nəfərə düşüb. Bu zaman dövlət sektorunda çalışanların sayı 910,8 min nəfərdən 913,6 min nəfərədək artsa da, özəl bölmədə 781 min nəfərdən 764,8 min nəfərə qədər azalıb. Bu, 4 ayda 16,2 min nəfərlik azalma deməkdir. Rəsmi əmək haqqı gəliri olan şəxslərin sayı kəskin azalır, əmək haqqının nominal məbləği azalırsa, 80 min nəfərlik bir sektorda faıliyyət iflic vəziyyətindədirsə, qaz, yaxud digər kommunal tarifi artırmaq dövlətə zərbə deyil, bəs nədir?
Hörmətli Mikayıl müəllim bu addımıyla əhalini dövlətə qarşı qaldırdığının fərqindədirmi? Hələ yaydır, qaza tələbat elə yüksək deyil. Qış mövsümü gəlib əhali qazancının yarısını qaza ödəməli olanda qalxacaq narazılığın qarşısını ala biləcəkmi cənab fövqəlnazir? Axı hamı bilir ki, rayonlarda, kəndlərdə mərkəzləşdirilmiş istilik sistemi yoxdur və qışa qədər qurulması da mümkün deyil. Bu ərazilərdə yaşayan əhalinin böyük əksəriyyəti sərfiyyatı çox olan sobalardan, yaxud fərdi kombi sistemindən istifadə edir. Bu şəraitdə yüz dəfə deyək ki, əhali daha qənaətli sərfiyyat sisteminə keçsin – belə sistem mərkəzləşmiş istilik sistemləridir ki, onlara da regionlarda mində bir rast gəlmək mümkündür.
AFN İqtisadiyyat şöbəsi