Mikayıl Cabbarov Prezidentin artırdığı limiti niyə azaltdı?


Diqqətli oxucular xatırlayarlar, 2016-cı ildə təbii qaza və elektrik enerjisinə limit təyin ediləndə vətəndaşların ciddi narazılığı yaranmışdı. O zaman hansısa vətənini, dövlətini sevən, Prezidentin etimadına hörmət bəsləyən məmur bu narazılığı ölkə rəhbərliyinə çatdırmışdı. Tarif Şurası tərəfindən təbii qaza görə aylıq 1500 kub metr müəyyənləşdirilən limit Prezident İlham Əliyevin xüsusi müdaxiləsi və tapşırığı ilə 1700 kub metrə qaldırıldı. Həmin vaxt Prezidentin göstərişi ilə elektrik enerjisinə qoyulan limit də 250 kilovat-saatdan 300 kilovat-saata qədər artırılmışdı.

3 il sonra 2019-cu ildə Prezidentin tapşırığı əsasında Tarif Şurasının qərarı ilə təbii qazın güzəştli məbləğlə istifadəsində tətbiq olunan illik limiti 500 kub metr daha artırılaraq 2200 kub metrə çatdırıldı. Bu qərardan sonra əhali 2200 kub metrə qədər istifadə etdiyi qazın hər kub metrinə 10 qəpik, limiti keçəndən sonra 20 qəpik ödəyirdi. Həmin ərəfədə rəsmi açıqlamalarda xüsusi olaraq bu qərarın ölkə rəhbərliyinin vətəndaşlara qayğısının nəticəsi olduğu vurğulanırdı.
İki il sonra - 2021-ci ildə Tarif Şurası iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə yenidən toplaşaraq absurd bir qərara imza atdı: əhali üçün təbii qazın güzəşt limiti 2200 kub metrdən 1200 kubmetrə qədər azaldıldı. Artıq məlum olduğu kimi, 1200 kub metrə qədər təbii qazın qiyməti 10 qəpikdən, 1200 kubmetrdən 2500 kub metrədək 20 qəpikdən, 2500 kub metrdən yuxarı isə 25 qəpikdən hesablanacaq. Bu o deməkdir ki, Mikayıl Cabbarov Prezidentin qərarlarına əhəmiyyət vermir, yaxud da məqsədli şəkildə xalqı narazı salmaq üçün bu addımı atır. Təbii, düşünə bilərsiniz ki, bütün xalqın mənafeyinə toxunan bir məsələdə Prezidentin xəbəri olmadan qərar verilə bilməz. Lakin unutmayaq ki, bütün bunlar təqdimat və əsaslandırmadan asılıdır. Ölkə Prezidentinə məruzə edilərkən vəziyyət necə təsvir olunursa, qərarlar da o istiqamətdə olur. Yəni aydın məsələdir ki, Prezident tutalım ki, qaz nəqli sistemi, əhalinin istehlakı barədə detallı məlumatı müvafiq məmurlardan alır. Tənzimlənən qiymətlərlə bağlı dəyişikliklərə dair təklifləri Prezidentə Tarif Şurasına rəhbərlik edən məmur çatdırır.
2019-cu ilin aprelində 10 qəpiyə satılacaq qazın limiti 2200 kubmetrə qaldırılanda Tarif Şurasına indi baş nazirin müavini olan Şahin Mustafayev rəhbərlik edirdi. İndi limit 1200 kuba endiriləndə Tarif Şurasına da, SOCAR Müşahidə Şurasına da Mikayıl Cabbarov başçılıq edir. Bu isə o deməkdir ki, vəziyyətlə bağlı məruzəni edib, Prezidenti limit endiriminə razı salan da odur. Pandemiya dövründə zərərçəkən biznesə dəstək paketinin hazırlanmasına da Mikayıl Cabbarov rəhbərlik edib. Ölkədə bütün biznes qruplarla görüşlər keçirilib və cənab Cabbarovun hansı sahədə nə qədər iş yerinin bağlandığı, nə qədər iş yerində maaşların endirildiyindən çox yaxşı məlumatı var. Belə bilgiləri o, tabeliyində olan Dövlət Vergi Xidmətindən də rahatlıqla ala bilir. Beləliklə, aydın görünür ki, Azərbaycanda ölkə iqtisadiyyatının vəziyyəti, əhalinin məşğulluq imkanları və gəlirləri barədə Mikayıl Cabbarovdan daha çox bilgili adam yoxdur. Bu halda, o, nədən pandemiyanın ağır təsirlərindən hələ də qurtula bilməyən əhalinin güzəştli qaz limitinin kəskin azaldılmasına dair qərara qol qoyur? Yüz minlərlə, milyonlarla insanı dövlətdən, onun rəhbərindən narazı salmaqla nəyə nail olmağa çalışır?
Əziz oxucular, əmin olun ki, Mikayıl Cabbarov sizi, bizi, xalqı sevən məmur olsaydı, mövcud şərtləri obyektiv qiymətləndirməklə o limitin 3 min kub metrə qaldırılmasına nail ola bilərdi. Bunun üçün Prezidentə düzgün təqdimat vermək lazım idi. İlham Əliyev o dövlət başçısıdır ki, bu xalqın ürəyində dərin bir yara olan Qarabağ problemini 44 günə həll etdi, 30 illik torpaq həsrətinə, məğlubluq sindromuna son qoydu. Həm də bunu tək Ermənistanla, ermənilərlə deyil, bütün dünya ilə döyüşərək həll etdi.
Vətəndaşın ən həssas yerindən zərbə vurmaqla qalib Ali Baş Komandanı xalqın gözündən salmaqda Mikayıl Cabbarov kimi məmurların əsl məqsədi nədir görəsən? Müəmmalıdır...

Həbibə ABDULLA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu