Yeni qaz limiti necə tətbiq olunacaq? - Tarif Şurasından açıqlama
Bu gündən 1,8 milyondan artıq abonent (7 milyondan çox vətəndaş) qaz istehlakından aşağı tariflə yararlanacaq.
AFN xəbər verir ki, bu barədə "Report”a eksklüziv müsahibəsində Tarif (qiymət) Şurasının katibi Ceyhun Nəcəfov bildirib.
"Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin sistemli və davamlı sosial siyasətinin davamı olaraq, növbəti humanist addım atılmış, dövlət başçısının tapşırığına əsasən, Tarif (qiymət) Şurasının 30 aprel tarixində keçirilən iclasında əhali üzrə təbii qazın aşağı tariflə illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb. Beləliklə, təbii qazı yalnız aşağı tariflə istehlak edən əhali abonentlərinin xüsusi çəkisi 70%-dən 85%-dək artacaqdır. Təbii qazdan güzəştli tariflə istifadə limitinin artırılması ilə əlaqədar olaraq yaranmış fərq bütünlükdə dövlət tərəfindən qarşılanacaqdır”, - C.Nəcəfov bildirib.
Artırılmış limitin tətbiqinə gəlincə, o qeyd etdi ki, hesablaşma 1 yanvar 2019-cu ildən etibarən istifadə olunan təbii qazın həcminə uyğun olaraq həyata keçiriləcəkdir. Misal üçün: Tutaq ki, abonent 1 may 2019-cu ilədək 1400 kub m qaz istehlak edib. Bu halda abonent ilin sonunadək daha 800 kub m təbii qazı aşağı tariflə (1 kub m üçün 10 qəpik) istifadə edə biləcəkdir. Abonent bu tarixədək əvvəlki limiti (1700 kub m) ötübsə, yeni limitədək olan hissə üçün ödədiyi vəsait hesablaşmalarda nəzərə alınacaq.
C.Nəcəfovun sözlərinə görə: "Əgər abonent il ərzində müəyyən olunan yeni limitdən (2200 kub m) artıq təbii qaz istifadə edərsə, bu halda hesablaşma yeni limitdən artıq hissə üçün 1 kub m X 20 qəpik olmaqla həyata keçiriləcək”.
Məlumat üçün qeyd edək ki, bir abonentin faktiki orta illik təbii qaz istehlakı 1400 kub m-dən aşağıdır.
"Atılmış bu humanist addım dövlət başçısının ölkə vətəndaşlarına böyük diqqət və qayğısının daha bir nümunəsidir”, - C.Nəcəfov vurğulayıb.