İnsanlar koronavirusa niyə inanmır? - ŞƏRH
"Çox təəssüf hissi ilə deyirəm ki, insanlar hələ də koronavirusun təhlükəsinə inanmırlar. Hələ də bu xəstəliyi qəbul etməyən insanlar var”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. Onun sözlərinə görə, bu xəstəliklə bağlı bütün dünyada çox böyük və ciddi təbliğat aparılır:
"Azərbaycanda virus aşkarlanan gündən Prezident və Birinci vitse-prezident bütün görüşlərində xəstəliklə bağlı insanları məlumatlandırır və hər dəfə xüsusi tapşırıqlarını verir. Sosial məsafəni saxlamaq, dezinfeksiyaedici maddələrdən istifadə etmək, maska taxmaq və s. Çox təəssüf ki, insanlar arasında laqeyidlik, biganəlik göstərənlər var. Aidiyyatı qurumlar da bizi məcbur elədi ki, parlamentdə daha sərt qaydalar tətbiq olunsun. Və bu qaydalardan biri də cəza tətbiqidir. Bilisiniz ki, xəstəlik ilk meydana çıxan gündən, hətta ayrı-ayrı inkişaf etmiş demokratik ölkələrdə sərt qaydalar və bu qaydalara görə böyük cərimələr tətbiq olunurdu. Amma bizim ölkədə belə cərimələr tətbiq olunmadı. Operativ Qərargah düşünürdü ki, insanları maarifləndirməklə, məlumatlandırmaqla bu qaydalara tam riayət ediləcək. Çox təəssüf ki, bunun əksi oldu”.
Məlahət İbrahimqızı qeyd edib ki, karantin qaydaları yumşaldıqca insanların məsuliyyətsizliyi bir az da çox görünür:
"Ona görə də parlamentdə bununla bağlı qanunlara dəyişiklik edildi. Vəzifəli şəxslər daha çox, adi vətəndaşlar isə 50 manat cərimə olunacaq. Təkrar olunduqca bu məbləğ bir az da artacaq. Bunlara necə əməl edəcəkləri artıq insanların öz problemidir. Səhər marketə getmişəm, baxıram ki, hardasa 40 faiz vətəndaş maskadan istifadə edib. İnkişaf etmiş ölkələrdə qanunlar daha sərtdir. Buna görə də insanlar qanunlara tabe olmağı artıq bir vərdiş halına salıblar. Sən özünü düşünmürsənsə, xalqı düşün. Söhbət xalqın sağlamlığından gedir”.
Məlahət İbrahimqızı deyir ki, insanların inamsızlığının arxasında nə dayandığını bilmir:
"Mən özüm də bunun səbəbini bilmirəm. Bəzən deyirlər ki, təbliğat yaxşı aparılmayıb. Mən bunun əlehinəyəm. Prezident hər dəfə vətəndaşalara müraciət edir ki, "xahiş edirəm, maska taxın, sosial məsafə saxlayın” və s. Elə bir həftə yoxdur ki, Prezident çıxışında bu problemə toxunmasın. Çox üzülürəm. Bəzən elə tanınmış şəxslərdən koronavirusla bağlı fikirlər eşidirsən ki, adamı heyrət bürüyür. Əgər ziyalı bu cür düşünürsə, bəs savadı olmayan, ucqar bölgələrdə yaşayanlara nə deyək? Yenə də bir yol var - maarifləndirmə və təbliğat”.
Psixoloq Elnur Rüstəmov Qaynarinfo-ya açıqlamasında insanların koronavirus pandemiyasına inanmamağının səbəblərinin müxtəlif olduğunu qeyd edib:
"Dünənə qədər qoyduqları arqument nədir? Yaxınlarımızdan koronavirusa yoluxan var, ya yox? Deyirdilər ki, kopronavirusa yoluxan kimsəni tanımıram. Burdan çıxış edərək deyirdilər ki, belə bir xəstəlik yoxdur. Ancaq bu gün insanlar öz çevrələrində virusa yoluxanlar görürlər. Söhbət 10 milyondan çox əhalidən gedir. Əlbəttə, bunu geniş formada izləmək çətin idi. Pandemiyanın qarşısı almaq üçün qabaqlayıcı tədbirlər görülürdü. Buna baxmayaraq, bu gün virusa yoluxanların gündəlik sayı 200-dən yuxarıdır. Yavaş-yavaş ətrafımızda, yaxınlarımız arasında virusa yoluxanlar görürük. Nəticədə problemi ciddiyə almağa başlayıblar. Artıq xəstəlikdən qorunmağa üstünlük verirlər. İnsanlar özlərini nə qədər qorusa, o qədər az itki ilə üzləşəcəyik. Qorunmasalar, böyük problemlər yaranacaq. Artıq karantin rejimi yumşaldılıb. Tələb olunan nədir? Maska taxmaq, sosial məsafə saxlamaq və s".
Psixolq Murad İsayevin fikrincə isə insanlar bir rejimdən başqasına keçəndə onlarda psixoloji sərbəstlik yaranır:
"Düşünürlər ki, hansısa yumşaldılma varsa, qadağalar aradan qaldırılıbsa, demək, problemlər aradan qalxıb. Əgər çölə çıxmaq sərbəstdirsə, parka gedirlərsə, demək, xəstəlik yoxdur. Əslində isə 10 nəfər bir yerdə dayanmamalıdır, məsafə qorunmalıdır. İnsanlar maska taxmaq belə istəmir. Burada yay fəslinin də rolu var. Düşünürlər ki, istilər düşübsə, artıq virus ölüb. Yadınızdadırsa, virisun yayılmaması üçün ilk vaxtlar müdafiə rejimi çox güclü qurulmuşdu. Sonradan bunlar aradan götürüldükcə insanlarda soyuqluq yarandı, virusa qarşı olan qorxu faktoru yavaş-yavaş aradan qalxdı. İnfeksiya hava-damcı yolu ilə yayılır. Bir anlıq pandemiyanın iki qatı ola bilər, yəni daha çox yayıla bilər. Ona görə əvvəlki məsuliyyətə qayıtmaq lazımdır”.