Əhali nədən təhlükəsizliyinə laqeyd yanaşır: Günahı harada axtarmalı? - Ekspert
"İnsanları cərimə etməkdənsə onların inandıqları institutları gücləndirmək lazımdır”.
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev Milli Məslisin maska taxmayanlarla bağlı tətbiq edilən cəza qərarından danışarkən deyib.
Onun sözlərinə görə, bunların qarşısını cərimələr vasitəsilə də almaq mümkün olmayacaq:
"Əhaliyə sosial məsafəni gözləməyi, maska taxmağı təşviq etmək olar, hətta lazım gəlsə, məcbur da etmək olar. Ancaq təhlikəsizlik qaydalarına əməl etməməyin günahını əhalinin üstünə atıb onları məsuliyyətsizlikdə, savadsızlıqda və ya qüsurlu mentalitetdə ittiham etmək doğru deyil. Bütün bunların qarşısını cərimələr vasitəsilə də almaq mümkün olmayacaq. Bunları niyə yazıram? Son günlər bu problemlərlə bağlı polislə əhali arasında qarşıdurmalar müşahidə olunur. TV-lərə, mətbuata çıxanlar, xüsusilə dövlət rəsmiləri günahı məhz əhalidə görürlər. Ancaq əhalinin maska taxmamağının, sosial məsafəni qorumamağının və hətta xəstəliyi ciddi qarşılamamasının səbəbini mentalitetdə yox, əhali ilə işləyən institutların dağıdılmasında və ya fəaliyyətlərinin məhdudlaşdırılmasında axtarmaq lazımdır. Vətəndaş cəmiyyəti institutu sıradan çıxarılıb, yerli özünüidarə qurumları səlahiyyəti olmayan bir instituta çevrilib. Ortada bir dövlət, bir də əhali qalıb. Bunlar arasında məsafə çox uzaqdır. Xüsusilə də ikincilərdə birinciyə qarşı inamsızlıq mövcuddur”.
Samir Əliyev qeyd edib ki, insanları cərimə etməkdənsə onların inandıqları institutları gücləndirmək lazımdır:
"Maskadan istifadə edilməməyə görə cərimə mexanizmi ən yaxşı halda selektiv şəkildə işləyəcək. Cərimənin məbləği isə çoxdur, 10 manat kifayət idi. Əhali sürücü deyil ki, cərimə ödəməyəndə maşın sürmək hüququnu itirsin və ya sahibkar deyil ki, hesabı bağlansın. Həmin cərimə ödəməyə qadir imkanlı adamlar şəxsi avtomobillərindən istifadə edir, orta təbəqə qaydalara əməl etməyə çalışacaq. Zərbə yenə də kasıba dəyəcək. Qərar verənlər bunu düşünməli idi...”