Rusiyanın pomidor bazarı uğrunda savaş: Azərbaycan nə etməlidir? -TƏHLİL




Azərbaycanda neft qiymətlərinin kəskin azalması bütün ölkədə ciddi narahatlıq doğururur. Analitiklərin proqnozlarına görə, 2015-2016-cı illərdən fərqli olaraq, bu dəfə koronavirus pandemiyasının yaratdığı qlobal iqtisadi böhran səbəbindən neft bazarında vəziyyətin stabilləşməsinə yaxınmüddətli dövrdə ümid etmək mümkün deyil. Buna görə də Azərbaycan kimi neft hasilatına bağlı ölkələr qeyri-neft sahələrinin sürətli inkişafını təmin etməyə məhkumdular.



Neftdənkənar sahələr dedikdə isə diqqət bir qayda olaraq kənd təsərrüfatının üzərinə yönəlir. Bu sektorda son illərdə istehsal və ixrac göstəricilərində artımlar müşahidə olunur. Belə ki, son illərdə ölkə üzrə qeyri-neft ixracatımızda pomidorun mövqeyi ciddi şəkildə güclənib. Rəsmi rəqəmlərə görə, 2017-ci il ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında pomidor (tomat) birinci yeri tutub - 151,6 milyon dollar. 2018-ci ildə pomidor ixracı 177,4 milyon dollarla, 2019-cu ildı isə 189,3 milyon dollarla birinci olub. Bu ilin iki ayında isə pomidor ixracımız 24,7 milyon dollar təşkil edib.

Azərbaycanda xüsusilə Türkiyə pomidorunun Rusiya bazarına yolu bağlandıqdan sonra pomidor istehsalı sürətlə artırılıb. Ölkənin ərzaq balansından aydın olur ki, 2016-cı ildə 502,7 min ton olan pomidor istehsalı 2018-ci ildə 609,1 min tona yüksəlib. Bu məhsulun ixracı isə qeyd olunan dövrdə 101,3 min tondan 172,5 min tona çatıb. 2018-ci ildə Azərbaycanda açıq sahədə pomidor istehsalı 328 min ton, istixanada istehsal isə 281 min ton təşkil edib. Yəni ixracımız demək olar ki, bütünlüklə istixana məhsulu olub.

Ölkəmizin xaricə satdığı pomidorun 95 faizdən çoxu Rusiya bazarına çıxarılır. Məsələn, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə ixrac olunan 174 min 548,17 ton pomidorun 172 min 876,67 tonu Rusiyaya aparılıb.

İxracatçılarımızdan aldığımız məlumata görə, Rusiya bazarında ən ucuz Azərbaycan pomidorudur. Ən keyfiyyətli və bahalı pomidor Özbəkistandan gətirilir. Bahalı olsa da, özünəməxsus şirinliyinə görə Özbəkistan məhsuluna tələbat böyükdür, buna görə də özbəklər Rusiyaya ixracı sürətlə artırırlar.
Rusiya hökumətinin planları və atdığı addımlar göstərir ki, Azərbaycan ixracatçıları yaxın 2 il ərzində bu ölkəyə pomidor satmaqda ciddi çətinliklərlə üzləşə bilərlər. Belə ki, Rusiya Kənd Təsərüfatı Nazirliyinin qəbul etdiyi proqrama əsasən, 2021-2022-ci illər üçün bu ölkənin pomidora olan tələbatının 80 faizinin yerli istehsal hesabına təmin olunması nəzərdə tutulur. Proqram 2015-ci ildəki təyyarə olayına görə Türkiyə pomidorunun idxalı tam dayandırılandan sonra qəbul edilib. Proqram çərçivəsində istixana təsərrüfatı yaradan sahibkarlara dövlətin verdiyi dəstək nəticəsində 2016-2019-cu illərdə Rusiyanın cənub vilayətlərində 1,2 min hektardan yuxarı müasir tipli istixanalar yaradılıb. Bu il də əlavə olaraq, 200 hektara yaxın istixananın yaradılması nəzərdə tutulur. Artıq ölkə bu proqramın bəhrəsini görməyə başlayıb. Belə ki, 2019-cu ildə Rusiya özünün istixana pomidoruna olan tələbatının 51 faizini daxili istehsal hesabına təmin edib. Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə daxili istehsal tələbatın 45 faizini təmin etmişdi. Rusiya Aqrar Bazar Konyukturu İnstitutunun hesablamalarına görə, 2018-ci ildə Rusiyada 434 min ton, 2019-cu ildə isə 530 min ton istixana pomidoru istehsal olunub. Bu, 1 milyon tonu ötən daxili tələbatın 51 faizi deməkdir. Ümumilikdə, ötən il ərzində Rusiyanın xaricdən pomidor idxalı 4 faiz azalıb. 2018-ci ildə ümumi idxal 552 min ton təşkil etmişdi.

Bu il Rusiya Kənd Təsərrüfatı Nazirliyi ölkədə istixana tərəvəzlərinin istehsalında 6,1 faizlik artım gözləyir. Builki istehsalın 1,25 milyon ton olacağı proqnozlaşdırılır. Nazirliyin məlumatına görə, bu il yanvardan martın 17-dək istixanalardan 198,4 min ton tərəvəz yığılıb ki, bu da keçən ilin eyni dövründəkindən 33,6 faiz çoxdur. Bunun 142 min tonu xiyar (42 faiz çox), 52,5 min tonu pomidor (17,7 faiz çox), 3,9 min tonu digər yaşıl bitkilərdir (39,2 faiz çox).
Rusiyada istehsal olunan yerli pomidorun əsas çatışmayan cəhəti maya dəyərinin yüksək olmasıdır. Nəticədə yerli pomidor idxal məhsulundan baha qiymətə təklif olunur. Hökumət bu sahədə də istehsalçılara dəstək verməyə başlayıb. Belə ki, ötən il Rusiya KTN-in təklifi əsasında dövlət və bələdiyyə ehtiyacları üçün idxal pomidorunun alınması qadağan edilib. Qadağa bu ilin aprelindən – yəni bir neçə gündən sonra qüvvəyə minəcək.

Düzdür, hələ ki, Rusiyanın pomidor idxalında Azərbaycanın payı artır. Lakin bu bazarın özündə də rəqabət getdikcə kəskinləşir. Belə ki, rəsmi məlumatlara görə, Rusiyaya əsas pomidor tədarükçüləri 2019-cu ilin yanvar-oktyabrına dair məlumatlar üzrə 31 faizlə Azərbaycan (442 min ton), 17 faizlə Avrasiya İttifaqı ölkələri, əsasən də Belarus, 13 faizlə Çin, 8 faizlə Mərakeş olub. 2018-ci ildə Azərbaycanın payı 29 faiz, Avrasiya İttifaqı ölkələrininki 20 faiz, Çin 15 faiz, Mərakeş 16 faiz olub.

Rusiya bazarlarında yerini 2015-ci il təyyarə olayından sonra itirmiş Türkiyə sürətlə mövqelərini bərpa etməkdədir. Ötən ilin 10 ayında Rusiyanın pomidor idxalında Türkiyənin payı 2018-ci ildəki 6 faizdən 16 faizə yüksəlib. Türkiyənin Rusiyaya pomidor ixracatını artırmaq planları Azərbaycan məhsulu üçün bazar problemi yaradacaq amillərdən biridir. Belə ki, ötən ilin aprelində Rusiya Türkiyədən pomidor idxalına 150 min tonluq kvota müəyyənləşdirib. Bu kvota fevralda tam dolduğuna görə Türkiyədən idxal bir neçə gün dayansa da, nazirliklərarası razılaşma əsasında martın əvvəlində 50 min ton daha artırıldı. Bu, türk pomidor ixaracatçıları üçün 3-4 ay yetərli olacaq. Buna görə də hazırda Türkiyənin Kənd Təsərrüfatı Nazirliyi kvotanın tamamilə aradan qaldırılması istiqamətində Rusiya tərəfi ilə aktiv danışıqlar aparır. Bu ilin iki ayında Türkiyədən Rusiyaya 19 milyon dollarlıq pomidor ixrac olunub. Yəni türk ixracatçılar bazardakı yerlərini geri almaqda israrlıdırlar.

Bundan əlavə, Rusiya bazarında Özbəkistan pomidoru da artmağa başlayıb. Ötən ilin 10 ayında ümumi idxalın 5 faizi bu ölkədən olub. Keyfiyyətinə və dadına görə Azərbaycan pomidorunu üstələyən yeganə məhsul məhz Özbəkistan pomidorudur.

Göründüyü kimi, qeyri-neft ixracımızın lideri olan pomidorun satışında bir bazara yönlənmək kifayət qədər yüksək risklər formalaşdırır. Buna görə də yerli istehsalçıların satış coğrafiyasını genişləndirmək istiqamətində çalışmalarını dəfələrlə artırması lazımdır. Nəzərə almaq lazımdır ki, Rusiya heç də güvənilir bir ticarət tərəfdaşı deyil. Bu baxımdan, təyyarə hadisəsinə görə Türkiyə məhsullarına tətbiq olunan qadağadan çıxarılası dərsləri vaxtında görmək lazımdır...

Qaynarinfo-nun İqtisadiyyat şöbəsi



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu