ABŞ ordusu İran sərhədində hava hərəkətini artırdı
ABŞ-İran gərginliyi artarkən Şərqi Aralıq dənizi və Bəsrə körfəzindəki Amerika hərbi təyyarələrinin hərəkətliliyində intensivlik müşahidə olunub.
AFN.az xəbər verir ki, "Flightradar24" uçuş izləmə tətbiqi üzərindən aparılan araşdırmada 8 iyul tarixində Şərqi Aralıq dənizi və Bəsrə körfəzində havada olan ABŞ ordusuna məxsus təyyarələrin sayında qeyri-adi artım olduğu görünüb.
Havada müşahidə edilən təyyarələrin əksəriyyətini təxminən 90 ton yanacaq və təxminən 37 ton yük daşıya bilən "Boeing KC-135R Stratotanker" tipli hərbi yanacaqla təchizat tanker təyyarələri təşkil edib.
Şərqi Aralıq dənizi bölgəsində 4 "Stratotanker", İsrail üzərində 1 "Stratotanker", Bəsrə körfəzində isə 5 "Stratotanker" və 2 yanacaq təchizatı və strateji hərbi nəqliyyat təyyarəsi "Boeing KC-46 Pegasus" olduğu müşahidə olunub.
Bundan əlavə, Avropa üzərində də ABŞ ordusuna məxsus hərbi nəqliyyat təyyarələri görünüb.
Hörmüz boğazında 7 iyul tarixində Qətər və Səudiyyə Ərəbistanına məxsus tankerlərin də olduğu ən azı 3 ticarət gəmisinin haradan atıldığı müəyyən edilməyən mərmilərlə və pilotsuz uçuş aparatları (PUA) ilə vurulduğu bildirilmişdi.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bu hücumlara cavab olaraq İrandakı bəzi radar sistemləri, raket batareyaları və İnqilab Keşikçiləri Korpusuna məxsus 60-dan çox kiçik qayıqları hədəf alan 80-dən çox nöqtəyə hava zərbələri endirdiyini elan etmişdi.
