Qanunvericiliyə şəhidlərin toxunulmazlığı ilə bağlı maddə salına bilər - MÜZAKİRƏ


Sosial şəbəkələrdə "Xudayar çoxdandır təzə mahnı buraxmır” deyə status yazaraq şəhid Xudayar Yusifzadəni, şəhidləri lağ obyektinə çevirən gənc həmyaşıdları tərəfindən döyülüb. Hadisə cəmiyyətdə ikitirəlik yaradıb: bir çoxları Fuad Rəsulzadəni döyən gənclərə haqq qazandırsa da, bir sıra hallarda bunun qanuni cəza olmadığını deyib qınayanlar da var. Bundan əvvəl də özünü psixoloq kimi təqdim edən Nərmin Şahmarzadənin Mübariz İbrahimovla bağlı fikirləri qınaqla üzləşmişdi. Bu cür halların baş verməməsi üçün hansı addımlar atıla bilər və qanunvericiliyə şəhidlərin toxunulmazlığı ilə bağlı maddə salına bilərmi?


Millət vəkili Aqil Abbas mövzu ilə bağlı AFN-ə açıqlamasında bildirdi ki, qanunla Azərbaycan Konstitusiyası vətəndaşların hüquqlarını qoruyur: “Azərbaycanda Cinayət Məcəlləsi var. Bu məcəllədə təhqir, böhtanla bağlı maddələr var və bunlar kimliyindən asılı olmayaraq hamıya şamil olunur. Bu hadisə ilə bağlı şəhidin ailəsi həmin adamı məhkəməyə verə bilər və ona uyğun olaraq cəza verilə bilər. Həmin şəxs səhv edib, şəhidlə lağlağı edə bilməz. Bir qız da şəhidlə bağlı nalayiq fikir bildirmişdi, o məhkəməyə verilmişdi. Dünən həmin şəxsi küçədə döyüblər, hüquqi cəhətdən o cür cəza olmaz. Ancaq döyənləri də qınamadım. İnsandı, qəbul etməyib. Hər kəs toxunulmazdır, Şəhid uca zirvədir, ona söz atmaq tərbiyəsizlikdir, əclaflıqdır”.

Millət vəkili Razi Nurullayev hesab edir ki, şəhidlərin təhqir edilməsi kütləvi hal alarsa, bu barədə düşünmək olar: “Bu tək-tək hallardır və qanunvericiliyə belə bir dəyişikliyin edilməsinə ehtiyac yoxdur. Mənim fikrimcə, hətta belə bir dəyişikliyin edilməsi şəhidlərimizin ruhu üçün yaxşı olmaz. Təəssüf ki, birləşmiş, qələbə çalmış bir xalqın içərisində belə bir nümayəndə var ki, torpaqların azadlığı üçün canından keçmiş şəhidlər haqqında hədyan danışsın, şər-böhtan yağdırsın və onlara təhqiramiz ifadələr işlətsin. Bunun özü dözülməz haldır. O cür şəxsləri xalqın nümayəndələri, sosial şəbəkə istifadəçiləri doğulduğuna peşman edir. Onlar tək-tək hallarda baş verir və onlar Azərbaycan vətəndaşı adını daşımağa layiq insan deyillər, onların da cəmiyyət tərəfindən cəzası verilir. Onlar cəzasını alır və özünü gündəmdə saxlamaq, kimlərəsə yarınmaq, sülh göyərçini, ermənipərəst kimi göstərmək istəyənlərə cəmiyyət tərəfindən cəzalandırma mexanizmi tətbiq edilir. Hazırda qanunvericilikdə bununla bağlı tələblər var. Bir insanın şəxsiyyətinin təhqir edilməsi, alçaldılması müddəası ilə onlar haqqında cinayət işi qaldırıla bilər. Yəqin ki, ayrı-ayrı vətəndaşlar, kollektiv olaraq, fərd olaraq məhkəmələrə müraciət edə bilər. O insanların bu cür davranışını pisləyirəm, haqq qazandırmıram, hesab edirəm ki, şəhidlərin heç adını tutmağa nə mənəvi nə də digər haqları var. Ar olsun belə şəxslərə”.

Hüquqşünas Əsabəli Mustafayev isə bildirdi ki, ümumiyyətlə, bu gün yalnız şəhidlər deyil, dövlət xadimi, incəsənət adamı, tarixi şəxsiyyətlərin də qanunvericiliklə toxunulmazlığından söhbət getməlidir: “Bir çox ölkələrin hüquq sistemində tarixi şəxsiyyətlərin, tanınmış adamların təhqir edilməsi ilə bağlı maddələr nəzərdə tutulur. Şəhidlər hamımızın əzizidir, böyük şəxsiyyətdir, ona görə də istənilən şəxs şəhidin xatirəsinin təhqir edilməsi ilə bağlı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edə bilər. Belə bir hadisə olmuşdu, Mübariz İbrahimovun xatirəsinin təhqir edilməsi ilə bağlı bir qadını məhkəməyə vermişdilər. Hazırkı hadisə ilə bağlı hüququn imkanlarından istifadə edərək istənilən şəxs, ailəsi, yaxud onun xatirəsini əziz tutan istənilən insan məhkəmədə xüsusi ittiham qaydasında bu məsələni qaldıra bilər. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi haqqında qanunda bu ümumi fikirlə nəzərdə tutula bilər ki, şəhidlərin xatirəsinin təhqir olunması, yaxud onların həyatının təhrif olunması məsuliyyət yaradır. Ancaq konkret məsuliyyət isə ya Cinayət Məcəlləsində, yaxud İnzibati Xətalar Məcəlləsində ayrıca maddə kimi əlavə olunmalıdır. Mütləq bu məcəllələrdə öz əksini tapmalıdır. İndiki halda xüsusi ittiham qaydasında bu mümkündür və məhkəmə praktikası var”.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu