Şəhidləri təhqir edənlərə qanunla cəza nəzərdə tutulsunmu? - RƏYLƏR




Şəhidlərə qarşı təhqiramiz ifadələrə yol verənlərin qanunla cəzalandırılması məsələsi yenidən gündəmdədir. Ölkə ictimaiyyəti şəhidləri təhqir edənlərlə bağlı cəzaların müəyyənləşdirilməsini tələb edir. Tanınmış Azər Axşamın həyat yoldaşının şəhid milli qəhrəman Mübariz İbrahimov haqqında neqativ fikirlər səsləndirməsindən sonra məsələ yenidən aktuallaşıb.



AFN mövzu ilə bağlı tanınmış ictimaiyyət nümayəndələrinin fikirlərini alıb. Millət vəkili Aqil Abbas AFN-ın suallarına cavab olaraq bildirib ki, şəhid və Milli Qəhrəmanları təhqir edənlərə qarşı xüsusi bir cəza təyin edilə bilər: “ Qanunvericiliyimizdə təhqir edən, böhtan atanlar üçün maddə var. Heç bir vətəndaşı təhqir etmək olmaz. Buna baxmayaraq, düşünürəm ki, şəhidlərlə bağlı xüsusi bir cəzaya da ehtiyac var. Milli Qəhrəman olmasa belə, heç bir şəhidə qarşı hörmətsizlik yolverilməzdir. Şəhiddirsə, deməli elə qəhrəmandır”.

Politoloq Toğrul İsmayıl da AFN-ə cəza təklifini dəstəklədiyini söyləyib: “Ümumiyyətlə, təhqir qadağandır və bunun hüquqi cəzası var. Şəhidlərə gəlincə isə, onlara qarşı da hər hansı bir təhqir olmaz və bunun qanunvericilikdə ayrıca maddəsi olmalı, xüsusi cəza müəyyən edilməlidir. Hesab edirəm ki, ilk başda cəza ağır verilməməlidir. Amma təkrarlandığı zaman həbs də edilə bilər. Bu, dünyada qəbul edilən bir məsələdir. Azərbaycan, Türkiyə kimi ölkələrdə şəhidlik həssas mövzudur və belə məqamlara diqqətlə yanaşılmalıdır”.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə xüsusi cəza ilə razılaşmayıb: “Hesab etmirəm ki, xüsusi, ciddi cəzaya ehtiyac var. Bu, mənəviyyat məsələsidir. Ölkəmizin ərazi bütövlüyü, torpaqları uğrunda şəhid olan insanı təhqir etməmək üçün adamda mənəviyyat olmalıdır. Mənəviyyat yoxdursa, cəza ilə nə dəyişəcək? Milli Qəhrəmanları qəbul etməsələr də, susmağı bacarmalıdırlar. Hətta kiminsə içində separatçılıq varsa belə, toplumun, dövlətin ümumi maraqları naminə susmalıdır”.

Qarabağ qazisi Rey Kərimoğlu AFN-ə açıqlamasında bildirib ki, şəhidləri təhqir edənlərə ən ağır cəza verilməlidir: “Belə hallar dövlətə qarşı cinayət kimi dəyərləndirilməlidir. Bura qaziləri, yəni Qarabağ əlillərini də əlavə etmək lazımdır. Türkiyədə qaziyə əl qaldırmışdılar, dövlətə qarşı cinayət maddəsi ilə iddia irəli sürüldü”.

Hüquqşünas Sahib Məmmədov isə AFN-ə qeyd edib ki, cəza problemi həll etməyəcək: “Qanunvericiliyimizdə təhqirə görə cəza var, amma xüsusi ittiham qaydasında şikayət olmalıdır. Bunu da şəhidin vərəsələri edə bilər. Düşünürəm ki, belə məsələlərdə cəmiyyət özü cəzalandırmalı, ictimai qınaq olmalıdır. Fiziki yox, mənəvi cəzanı nəzərdə tuturam. Məsələn, təhqir edənlərə salam verməmək onlara ən böyük mənəvi cəza ola bilər. Məncə, məsələni qanunla həll etmək, xüsusən cəza yolunu seçmək problemi həll etməyəcək”.

Könül CƏFƏRLİ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu