Donald Tramp cinayət məsuliyyətinə cəlb olunacaq?


ABŞ-ın demokratik dövlət olmasına heç kim şübhə etmir. Bu ölkə həm də demokratiyanın təbliğatında və demokratik prinsiplərin həyata keçməsi istiqamətindəki fəaliyyətində lider sayılır. Elə Donald Trampın prezident seçilməsi də ABŞ demokratiyasının məhsuludur. Şəxsi həyatına toxunmadan demək olar ki, onun prezident olması gözlənilməz olub. Adətən, ABŞ-ın və başqa demokratik dövlətlərin siyasi həyatında daha fəal rol oynayanlar ölkəni idarə ediblər. Bu ölkənin həyatında baş verən ciddi hadisələr dünyaya təsir edə bilir. Çünki ABŞ təkqütblü dünyanın hələ də lideridir. Bunun da başlıca səbəbi iqtisadi-maliyyə məsələləridir. Dünyanın maliyyə bazarında dolların ağalığı, bazarda neftin qiymətinin müəyyənləşməsində Birləşmiş Ştatların həlledici rolu və başqa məsələlərdə tutduğu mövqe ABŞ-da baş verənləri dəyərləndirməyi vacib edir.

Əslində Donald Tramp 2016-cı ildə rəqibi Hillari Klntona qalib gəldiyi kimi, Cozef Baydenə də elə məğlub oldu. Ancaq keçmiş dövlət katibi Tramp kimi cığallıq etmədi. Yaxud 2000-ci ildə keçirilən prezident seçkisində kiçik Corc Buşun Demokratlar Partiyasından olan namizəd, Bill Klintonun prezidentliyi dövründə vitse-prezident işləmiş Albert Qor üzərində qələbəsi də qalmaqala səbəb olmuşdu. Onda da Seçilmişlər Kollegiyasının səsi problem yaratmışdı. Ancaq Demokratlar Partiyasından olan bu iki namizədin tərəfdarları Ağ evə hücum çəkmədi. Belə ehtimal etmək olar ki, bu işdə ABŞ-dakı demokratiyaya arxalanıb Donald Trampın prezident olmasına dəstək verənlər, onun zəifliyindən yararlanaraq ölkədə qiyamı reallaşdırmağa cəhd ediblər. Nəticədə biri polis əməkdaşı olmaqla ABŞ-ın 5 vətəndaşı yanvarın 6-da Kapitoliyə hücumun qurbanı olub. Federal Təhqiqat Bürosu hadisə ilə bağlı 160-dan artıq cinayət işi başlayıb. ABŞ-ın vitse-prezidenti Maykl Pens bildirib ki, Kapitoliyə hücum yolverilməzidir, bunda iştirak edənlər qanunun bütün ciddiyyəti ilə cəzalandırılacaqlar. O, yanvarın 6-da baş verənlərlə bağlı tvitter səhifəsində yazıb: “Bu gün Birləşmiş Ştatların Kapitolisinin qara günü idi.. Kapitolimizdə xaos düzəldənlər qalib gəlmədi. Zorakılıq həmişə uduzacaq, Azadlıq qalib gələcək...”


Qiyama cəhdə ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın impiçmentinə səs verməklə münasibət bildirib. Qərarın lehinə 232 nəfər, əleyhinə 197 nəfər səs verib, 5 nəfər isə səsvermədə iştirak etməyib. İmpiçment “qiyama təhriketmə” maddəsinə əsasən elan olunub. Qəbul olunan qətnamədə vurğulanıb ki, Donald Trampın hərəkətləri Konstitusiyanın prezidentin impiçmentinə gətirib çıxara bilən “ağır cinayətlər və səhv hərəkətlər” ifadəsinə uyğundur. Donald Tramp Birləşmiş Ştatların iki dəfə impiçment elan edilən ilk dövlət başçısıdır. Nümayəndələr Palatası birinci impiçmenti 2019-cu ilin dekabrında “hakimiyyət tərəfindən sui-istifadə və mane olma ittihamları”na əsasən elan etmişdi. Ancaq Senat buna səs verməmiş, ona bəraət qazandırmışdı. Xatırladaq ki, 2020-ci il noyabrın 3-də keçirilən prezident seçkisinin nəticələrindən narazı qalan Donald Tramp yanvarın 6-da tərəfdarlarını “zəif respublikaçılara kömək etmək üçün" Kapitoliyə getməyə çağırıb. Bundan sonra onun tərəfdarları Kapitolini mühasirəyə alıb, zorla binaya girib və prezident seçkisində Cozef Baydenin qələbəsini təsdiqləyən Konqresin Nümayəndələr Palatası və Senatın birgə sessiyasını yarımçıq kəsiblər. Nümayəndələr Palatasının qətnaməsini Senat da təsdiqləməlidir. Bundan sonra o, qüvvəyə minə bilər.


Yeri gəlmişkən, ABŞ tarixində ilk impiçmentin 1868-ci ilin mart ayında 17-ci prezident Endrü Consona tətbiq edilməsi gündəliyə çıxarılıb. Demokratlar Partiyasından olan Conson 1864-cü ildə vitse-prezident kimi Avraam Linkolnun ölümündən sonra prezident səlahiyyətlərini icra edib. 1867-ci ildə onun prezidentliyi dövründə Alyaska yarımadası Rusiyadan satın alınıb. Consonun bu addımı zamanında müasirləri tərəfindən lazımi dərəcədə qiymətləndirilməmişdi. O vaxt prezident hərbi nazir Stentonu tutduğu vəzifədən azad edərək onun yerinə müvəqqəti olaraq general Toması təyin etmişdi. Stenton bu əmri icra etmək istəməyib. Bundan sonra prezidentə qarşı etimadsızlıq məsələsi gündəliyə çıxarılıb. Senat və Nümayəndələr Palatasındakı səsvermədən sonra Consona impiçmentlə bağlı qanun layihəsi həyata keçməyib. Növbəti impiçment 104 il sonra 1972-ci il iyunun 17-də Demokratlar Partiyasının Vaşinqtondakı məşhur “Uotergeyt“ otelində yerləşən qərargahında danışıqları dinləmək məqsədilə oraya dinləmə cihazları yerləşdirmək istəyən beş nəfərin ələ keçməsi ilə gündəmə gəlib. Araşdırmalar zamanı onların Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları olduğu və bu məsələnin arxasında hakimiyyətdə olan Respublikaçılar Partiyasının dayandığı üzə çıxıb. Bundan sonra prezident Riçard Niksona etimadsızlıq göstərilib. Nəticədə o, 1974-cü ildə istefa verib. 1998-ci ildə isə mətbuatda Bill Klintonun öz katibəsi Monika Levinski ilə 1996-cı ildəki intim əlaqələri barədə məlumatlar yayıldı. Bu xəbərlər prezidentin qeyd edilən məsələ ilə bağlı yalan danışdığı iddialarına səbəb olmuş, bu isə ona qarşı impiçment prosedurunun başlanması ilə nəticələnmişdi. Ancaq Senat sonda impiçment tələbini rədd edən qərar qəbul etmişdi.


Ümumilikdə tarixə nəzər salanda belə nəticəyə gəlmək olar ki, impiçment məsələsində Senat Nümayəndələr Palatasının qətnaməsini heç vaxt təsdiqləməyib. Ancaq yanvarın 6-da baş verən hadisə digərlərindən fərqlənir. Bu qiyama, hakimiyyəti zorakılıq yolu ilə dəyişdirməyə, demokratik prinsipləri pozmağa cəhd idi. Kapitoliyə hücum həm də ABŞ-ın beynəlxalq aləmdəki nüfuzuna zərbə də sayıla bilər. ABŞ-ın yeni prezidenti Cozef Bayden yanvarın 13-də komandası ilə keçirdiyi toplantıdakı çıxışında yanvarın 6-dakı hücumun Donald Tramp tərəfindən təşkil edildiyini və əvvəlcədən planlaşdırıldığını iddia edib. Yeni prezident hadisəni “cinayətkar hücum” adlandıraraq onu Trampın dəstəklədiyi “siyasi ekstremistlər və daxili terrorçular”ın reallaşdırdığını bildirib. Donald Trampı mənsub olduğu Respublikaçılar Partiyasından olan azlığın lideri Kevin Makkarti də tənqid edib. Onun sözlərinə görə, hücumun məsuliyyətini Tramp daşıyır. Ancaq respublikaçılar liderlərini tək qoyana oxşamır. Nümayəndələr Palatasının üzvü, respublikaçı konqresmen Marcori Teylor Qrin Baydenin prezident kimi ilk iş günündə impiçmentinə dair qətnamə layihəsini Konqresə təqdim etmək niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, xarici ölkələrin hakimiyyətlərinin, Çinin və Ukraynanın xarici enerji şirkətlərini asanlıqla satın ala biləcək, vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə hazır olan şəxs ABŞ-ın prezidenti ola bilməz: “75 milyon ABŞ vətəndaşı fəaliyyətsizlikdən yorulub. Sərt mövqe tutmağın zamanıdır”. M.Q.Teylor bununla vitse-prezident olduğu illərdə Baydenin oğlunun Ukrayna və Çindəki biznes əlaqələrinə işar edib.


Beləliklə, ABŞ Senatının qəbul etdiyi qərardan asılı olmayaraq, Nümayəndələr Palatasının impiçment elan etməsi hadisənin sərt qarşılandığını deməyə əsas verir. Vitse-prezident Maykl Pens hadisəni törədənlərin cəzalandırılacağından bəhs edib. Deməli, hücum vətəndaşların demokratik prinsiplərə söykənən hüquqlarından istifadə deyil, cinayət xarakterlidir. Cozef Bayden isə keçmiş rəqibini bu cinayəti təşkil etməkdə və daxili terrorçularla əlaqədə qınayb. Bu isə Donald Trampa qarşı “qiyama cəhd və terrorçularla əməkdaşlıq” ittihamlarının irəli sürülməsi qənaətinə gəlməyə əsas verir. Çağdaş demokratik dövlətlərin konstitusiyalarında hakimiyyətin yeganə mənbəsinin xalq olduğu göstərilir. Bu səbəbdən xalqın hakimiyyətin qəsb edilməsinə və ya ondan sui-istifadəsinə qarşı müqavimət göstərmək hüququ var. Ola bilsin, buna görə bəzi konstitusiyalarda bu məsələ xüsusi olaraq təsbit edilməyib. Bundan başqa bir səbəb isə terrorçu və ekstremistlərin hakimiyyəti ələ keçirməsinin qarşısının alınması üçün hakimiyyətin zorakılıq yolu ilə dəyişdirilməsi təhlükəli cəhd sayılır.


Deməli, Baydenə görə, yanvarın 6-da Kapitoliyə hücumu “daxili terrorçular” edib. Bu isə hakimiyyətin terrorçular, ekstremistlər tərəfindən zor gücü ilə dəyişdirilməsi qənaətinə gəlməyə əsas verir. O halda Donald Trampa qarşı cinayət işinin başlayacağını da ehtimal etmək olar. 2015-ci ildə keçirilən prezident seçkisi zamanı onun kampaniyasına Rusiyanın müdaxiləsi ilə bağlı bir çox mətləblər hələ açılmayıb. Odur ki, həmin siyasi kampaniya ilə Kapitoliyə hücum arasında əlaqələr təsdiqlənərsə, o zaman Tramp ABŞ tarixində dövlət təhlükəsizliyi və milli maraqlara zərbə vuran prezident kimi də cinayət məsuliyyətinə cəlb oluna bilər.

Nəhayət, Tramp hakimiyyətə gəldiyi kimi, Ağ evi də tərk edir. Onun prezident seçilməsi demokratiyanın təntənəsi və zəif tərəfi idi. Bununla belə, demokratik dəyişikliklər hələ də ən doğru yoldur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu