ÜST Uqandada Ebola epidemiyasının sona çatdığını təsdiqlədi
Dünya Səhiyyə Təşkilatı (ÜST) Uqandada Ebola epidemiyasının sona çatdığını təsdiqləyərkən, Konqo Demokratik Respublikasında (KDR) virusun yayılmasının davam etdiyini bildirib.
AFN.az xəbər verir ki, ÜST-ün Afrika Regional Ofisinin Fövqəladə Hallar üzrə direktoru Mari-Rozelin Belizer regional ofisdə keçirdiyi toplantıda Uqandada Bundibuqyo virusunun səbəb olduğu Ebola epidemiyasının sona çatdığını bildirib.
Belizer Uqandada son Ebola xəstəsinin evə buraxılmasından sonra 42 gün ərzində yeni yoluxma halı qeydə alınmadığı üçün ötən ay epidemiyanın sona çatdığının elan edildiyini, ÜST-ün isə yeni yoluxma zəncirlərinin gözdən qaçırılmadığından əmin olmaq məqsədilə ölkədəki vəziyyəti izləməyə davam etdiyini qeyd edib.
Belizer KDR-dəki epidemiyanın isə yayılmaqda davam etdiyini bildirərək, ölkədə bazar ertəsi etibarilə 5 min 656 təsdiqlənmiş yoluxma halının qeydə alındığını və 2 min 715 nəfərin həyatını itirdiyini açıqlayıb.
KDR-dəki epidemiyanın ölkə tarixində ən böyük və ən ölümcül Ebola epidemiyasına çevrildiyini bildirən Belizer, yoluxma hallarının artım tempində yavaşlama müşahidə edilməsinə baxmayaraq, epidemiyanın hələ nəzarət altına alınmadığını ifadə edib.
Ölkədə təmaslı şəxslərin izlənməsi və test işlərində irəliləyiş əldə edildiyini bildirən Belizer buna baxmayaraq, yoluxma hələ də çox aktivdir deyib.
Belizer epidemiyanın nəzarət altına alınmasına yönəlmiş işlərin davam etdirilməsi üçün təcili olaraq 30 milyon dollar maliyyələşməyə ehtiyac olduğunu bildirib.
Sözügedən vəsaitin epidemiyadan ən çox zərər çəkən bölgələrə tibbi ləvazimat və fərdi qoruyucu vasitələrin çatdırılması kimi logistika fəaliyyətlərinin davam etdirilməsi baxımından zəruri olduğunu bildirən Belizer, maliyyə təmin edilmədiyi təqdirdə mövcud müdaxilə işlərinin aksaya biləcəyi barədə xəbərdarlıq edib.
ÜST ötən həftə verdiyi açıqlamada xüsusilə KDR ilə quru sərhədi olan qonşu ölkələrdə Ebola riskinin yüksək səviyyədə qalmaqda davam etdiyini bildirmişdi.
