ÜST-dən Ebola xəbərdarlığı: Virusa nəzarət edə bilmirik
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Sağlamlıq Fövqəladə Halları Xəbərdarlığı və Cavab Əməliyyatları üzrə direktoru Abdirahman Mahamud Konqo Demokratik Respublikasında (KDR) baş qaldıran Ebola epidemiyasında nəzarət imkanlarından çox geridə qaldıqlarını bildirib.
AFN.az xəbər verir ki, təşkilat rəsmisi test və təmas zəncirinin izlənilməsi işlərinin gücləndirilməsinə baxmayaraq, bir çox çətinliklərin hələ də davam etdiyini qeyd edib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisinin həftəlik mətbuat konfransına onlayn qatılan Mahamud Ebola epidemiyasının tüğyan etdiyi KDR və Uqandadakı mövcud vəziyyəti qiymətləndirib.
KDR-də "Bundibugyo" virusunun səbəb olduğu Ebola epidemiyasının üç həftədən çoxdur davam etdiyini xatırladan Mahamud 15 gündür rəhbərlik etdiyi KDR-in Bunia bölgəsində genişmiqyaslı mübarizə tədbirlərinin şahidi olduğunu qeyd edib.
Mahamud bildirib ki, iyunun 8-nə olan məlumata görə, KDR-də 550 təsdiqlənmiş yoluxma, 101 ölüm və ümumilikdə 19 sağalma faktı qeydə alınıb.
Epidemiya təsdiqlənmiş yoluxma hallarının 94 faizinin, yəni 487-nin qeydə alındığı İturi əyalətində cəmləşib.
Təsdiqlənmiş yoluxma sayındakı bu artım test və təmas izləmə fəaliyyətlərinin genişləndirilməsindən qaynaqlanır və bu, müsbət xəbərdir.
Lakin epidemiyaya nəzarət imkanlarından hələ də geridəyik və bir çox çətinliklər qalmaqdadır.
Eyni zamanda, təxminən 100 şübhəli yoluxmanı təsdiqləmək və ya təkzib etmək üçün araşdırmalarımız davam edir.
Uqandada isə 19 təsdiqlənmiş yoluxma, 2 ölüm və bir potensial ölüm halının qeydə alındığını bildirən Mahamud bu ölkədə icma daxili yoluxmaya dair hər hansı bir sübutun olmadığını diqqətə çatdırıb.
Mahamud ÜST-ün KDR-dəki yerli rəsmiləri və səhiyyə tərəfdaşlarını dəstəkləməyə davam etdiyini vurğulayıb.
