1987-ci ildə Azərbaycana xarici ölkələrdən 50 mindən çox turist gəlib
Heydər Əliyev Azərbaycanda turizmin inkişaf etməsi üçün onun infrastrukturunun təşkil və təmin edilməsinə də xüsusi diqqət ayırıb. O cümlədən də yaxşı mehmanxanaların tikintisinə şərait yaradıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən Humanitar Kollecin müəllimi Yasir Hacıyev bu barədə fikirlərini AFN.az-la bölüşərkən bildirib ki, Heydər Əliyevin rəhbərliyi dövründə Bakıda “Azərbaycan”, “Cənub”, “Bakı”, “Turist”, “Gənclik” və digər mehmanxanalar tikilib istifadəyə verilib. Belə yüksək səviyyəli turist yerləşdirmə müəssisələrindən biri də 1986-cı ildə Bakıda fəaliyyətə başlayan “Abşeron” mehmanxanası idi: “Növbəti yenilik isə 1987-ci ildə xarici turistlərin qəbulunu daha yüksək səviyyədə təşkil etmək üçün Respublika Turizm və Ekskursiyalar Bürosunun nəzdində “İnterbüro”nun yaradılması idi. Mütəxəssislər qeyd edir ki, 1987-ci il Azərbaycanda ən çox xarici və daxili turistin qəbul edildiyi ildir. Həmin il dünyanın 20-dən çox ölkəsindən Azərbaycana 150 turist qrupu gəlmişdi. Statistikaya əsasən, 1987-ci ildə Azərbaycana xarici ölkələrdən gələn turistlərin sayı 50 mindən çox idi. Eyni zamanda SSRİ-nin müxtəlif bölgələrindən 250 min nəfərlik turist qrupları da qəbul edilib. Turizm-ekskursiya bürolarının təşkil etdiyi ekskursiyalarda 2,5 milyondan çox insanın iştirak etdiyi də bildirilir”.
Yasir Hacıyev Heydər Əliyevin qoruqların yaradılmasında göstərdiyi xidmətdən də danışıb. O bildirib ki, müasir zamanda turistlərin maraq göstərdiyi turizm növlərindən biri də ekoloji məqsədli turlardır. Belə ekskursiyaların həyata keçməsi üçün təbiətin bitki və heyvan aləminin qorunması vacib şərtdir. Bu məqsədlə hələ 1925-ci ildə Göygöl qoruğu yaradılıb. Bu işlər sonralar da davam etdirilib: “Əgər 1971-ci ilə qədər turizm işinə yararlı olan Azərbaycan ərazilərində 8 dövlət qoruğu var idisə, onların sayı 1987-ci ildə 13-ə çatmışdı. Bu qoruqların təşkili ölkəmizdə təbiətin və turizm ehtiyatlarının mühafizəsi ilə yanaşı, həm də turizmin inkişafına böyük qayğının davamı idi”.
FƏXRİYYƏ