Keçmiş həmsədrlərin başağrısı: Şuşanı münaqişəli ərazi kimi təqdim etməyə çalışırlar-ŞƏRH
Şuşaya səfərdən imtina edən hər üç ölkə səfirinin bu addımının səbəbi aydındır. Bu ölkələr ATƏT-in Minsk Qrupunun həmsədrləridir. Bu hərəkətlərilə onlar həmsədrlik institutunun vasitəçilik mandatının davam etdirilməsinin vacibliyini önə çəkmək istəyir.
Bunu AFN-ə açıqlamasında siyasi şərhçi Müşfiq Abdulla deyib. Onun sözlərinə görə, Şuşanın Dağlıq Qarabağda yerləşdiyini nəzərə alsaq, diplomatlar bu addımları ilə həmin ərazidə bir münaqişə olduğunu, Minsk Qrupunun bu münaqişənin həllində fəaliyyətinin davam etdirməli olduğunu vurğulamaq fikrindədirlər: “Bununla da Minsk Qrupu növbəti mərhələdə DQ statusu məsələsini gündəmə gətirmək niyyəti güdür. Təbii ki, bunların nəticə verəcəyi inandırıcı görünmür. Çünki artıq situasiya dəyişib, DQ termini bir siyası termin kimi gündəmdən çıxıb və bölgədə proseslər post-konflikt dövründədir. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, Minsk Qrupu vasitəçiliyinə artıq ehtiyac yoxdur. Əgər bu qurum bir iş görmək istəyirsə, bölgədə sülh və sabitliyin təmin olunmasında, orada yaşayan erməni və azərbaycanlı əhali arasında etimadın yaradılmasında, məcburi köçkünlərin geri qaytarılması, məskunlaşması prosesində, bölgənin iqtisadi inkişafı istiqamətində müəyyən təkliflər verə bilərlər. Amma faktiki olaraq münaqişə yoxdur, ona görə də hansısa bir beynəlxalq vasitəçinin iştirakına ehtiyac qalmır. Əgər bölgədə hər hansı bir münaqişə baş verərsə, onu həll etmək Azərbaycanın daxili işidir, çünki Şuşa və ətrafı Azərbaycanın ərazisidir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan özü də kapitulyasiya sənədinə imza atdıqdan sonra verdiyi açıqlamada da Şuşanın Azərbaycan şəhəri olduğunu etiraf edib. Belə bir vəziyyətdə heç bir fəaliyyəti olmayan Minsk Qrupu həmsədri olan ölkələrin Şuşaya səfərdən imtina etməsi faktiki olaraq şəhərin mübahisəli ərazi olmasına dair Ermənistanda və DQ-dakı müəyyən revanşist qüvvələrin mövqeyini müdafiə etməyə xidmət edir. Halbuki Ermənistanda iyunun 20-də keçirilən növbədənkənar parlament seçkilərində Şuşa və Hadrutun geri qaytarılacağını vəd edən revanşist qüvvələr məğlub oldular və bununla da erməni xalqı faktiki olaraq o qüvvələrə dəstək vermədi. Belə olan halda istər Rusiya olsun, istər Fransa, istərsə də ABŞ, orada münaqişə mənbəyi axtarması, Şuşanı mübahisəli ərazi kimi təqdim etməyə çalışması Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə təhdiddir, münaqişəni yenidən qızışdırmaq cəhdidir. Hesab edirəm ki, Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı öz etirazını bildirməlidir”.
M.Abdulla qeyd edib ki, səfirlərin bu addımı atması həm də Minsk Qrupu həmsədrlərinin mövqeyində siyasi paradoks kimi dəyərləndirilə bilər: “Çünki ABŞ, Fransa və Rusiya münaqişənin nəticələrinə yanaşmasından asılı olmayaraq 10 noyabr 2020-ci il tarixli hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatın nəticələrini qəbul edib, hətta onlardan biri onu imzalayıb. Hər üç ölkə həmin bəyanatın bəyanatın müddəalarını təqdir edib. İndi o ölkələrin səfirlərinin Şuşa səfərindən imtina edərək orada bir münaqişə mənbəyi axtarması bəyanatla bağlı mövqelərini təkzib etməsi təəssüratı hyaradır”.
Həmsöhbətimizin fikrincə, burada xüsusilə Rusiyanın mövqeyi narahatlıq doğruru: “Çünki Rusiya bölgədə sülhməramlı missiya həyata keçirir. Bu halda səfirinin bu səfərdən imtina edərək Şuşanı münaqişəli ərazi kimi təqdim etməsi həmin missiyaya ziddir. Əgər Rusiya siyasi və hüquqi ədalət axtarırsa və özünün bitərəf mövqeyini qorumağa çalışırsa, onda özü həmin ərazidə olmamalıdır. Çünki ATƏT-in 1995-ci il Budapeşt sammitinin qərarına görə, bölgədə yerləşdiriləcək sülhməramlı qüvvələr həmsədr dövlətlərdən olmamalıdır. Bu halda Rusiya sülhməramlıları bölgəni tərk etməlidir. Əks təqdirdə çalışmalıdır ki, bölgədə yeni münaqişəyə şərait yaratmasın. Xatırladım ki, ötən ay Moskvada keçirilən Beynəlxalq Təhlükəsizlik üzrə 9-cu Moskva konfransında da Rusiyanın XİN rəhbəri Ermənistan və Azərbaycan arasında etimadın yaradılmasına çalışdıqlarını bildirmişdi. Rusiya səfirinin Şuşaya getməkdən imtina etməsi bu bəyanata ziddir. Belə çıxır ki, Rusiya burada qarşılıqlı etimadın yaradılmasından çox siyasi münaqişə yaratmağa, Şuşanı mübahisəli ərazi kimi qələmə verməyə çalışır. Əgər Lavrovun bəyanatı səmimi idisə Rusiya səfiri Şuşaya getməkdən imtina etməməli idi.
Rusiyanın bölgədəki fəaliyyəti şübhə altına düşür. Hesab edirəm ki, Azərbaycan Prezidentinin Qarabağ iqtisadi rayonunun yaradılması ilə bağlı fərmanı da artıq bu məsələyə nöqtə qoyub. Bu qərar Dağlıq Qarabağı siyasi termin kimi gündəmdən çıxarıb, həmin bölgənin Azərbaycana məxsusluğunu bir daha tam təsdiq edib. Bu baxımdan Minsk Qrupu həmsədrlərinin hər hansı təhrikedici cəhdləri heç bir nəticə verməyəcək. Bu ölkələr növbəti mərhələlərdə də Minsk Qrupu missiyasını gündəmə gətirmək və vasitəçiliyin zəruri olduğunu göstərmək üçün belə təxribatçı addımlar ata bilərlər. Amma bu cəhdlərin ciddi nəticə verəcəyini düşünmürəm”.
HƏBİBƏ