İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma - hansı yeniliklər olacaq?


Bu günlərdə ölkə başçısı tərəfindən “İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə ilə bağlı məsələlər haqqında “ Fərman imazalanıb. Fərmana əsasən, həmin ərazilərdə bəzi səlahiyyətlərin həyata keçirilməsi müvəqqəti olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib. Sənədin əhəmiyyəti və həmin ərazilərdə tikinti-quruculuq işlərində rolu ilə bağlı ekspertlərin fkrini öyrəndik.




Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı AFN-ə açıqlamasında bildirdi ki, bu fərman sadəcə müəyyən bir mərhələ üçün tənzimləmə xarakteri daşıyır: “Orada torpaq islahatları getməyib, sadəcə infrastrukturun bərpası işləri və bir sıra sahibkarlıq subyektlərinin yerləşdirilməsi məsələsi aktualdır. Bu fərmanın əhəmiyyəti böyükdür ona görə ki, kim harada necə gəldi, qanunsuz, plansız olaraq ərazilərdə obyektlər inşa etməsin, ərazi planlaması nəzarətə götürülsün. Təbii ki, bu mənada Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bundan sonra həmin ərazilərdə həm məlumatlandırma icraatı qaydasına, eyni zamanda tikintisinə icazə tələb olunan subyektlər üzrə icazələrin verilməsinə bilavasitə nəzarət edəcək. Ərazidə plansız, icazəsiz tikililərin qarşısını alacaq”.
Ekspertin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə şəhərsalma ilə bağlı müxtəlif təkliflər var: “ Məsələn, “Smart şəhər”, “Smart kənd” və bu tipli qəsəbələrin, yaşayış massivlərinin salınması ilə bağlı təkliflər var. Bütün hallarda hesab edirik ki, ərazilər üzrə təsərrüfat sayları, əraziyə qayıdacaq, köçürüləcək ailələrin sayı tam müəyyən olunduqdan sonra bu istiqamətdə yekun qərar qəbul etmək olar. Məsələn, Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində, vaxtilə 2 mindən artıq təsərrüfat, yaşayış evi olub, kəndin ərazisi həddən artıq böyükdür. Bu günkü rəqəmlərlə baxsaq təsərrüfat sayı iki dəfə artıb. Təqribən 4-5 min evin tikintisindən söhbət gedir. Bu qədər ev, yaşayış sahəsi inşa olunsa, təqribən Böyük Mərcanlı iki dəfə böyümüş olur. Bu mənada Cəbrayıl rayonunu coğrafi baxımdan götürsək elə bir kənd onun beşdə bir hissəsini əhatə edir. Bu baxımdan hesab edirəm ki, köçürüləcək, oraya qayıdacaq təsərrüfatların sayı tam müəyyən olunduqdan sonra bu haqda tam qərar qəbul etmək olar”. Ümumiyyətlə, orada yüksəkmərtəbəli evlər üçün əlverişli olan ərazilər də, olmayan ərazilərin də olduğunu deyən ekspertin fikrincə, məsələn, Laçın rayonunun relyefi tamamilə fərqlidir, ancaq relyefi imkan verən ərazilər də var: “Türkiyə təcrübəsinə istinad etsək, orada kəndlərin ərazisində çoxmənzilli binalar var. Fərdi yaşayış evlərinə çox az rast gəlinir. Bu da onunla bağlıdır ki, kənddə təsərrüfat sayı çoxdur, insanların normal məskunlaşması üçün çoxmənzilli binaların tikintisi daha məqbul hesab edilir. Bizdə köçürüləcək təsərrüfatların, insanların sayı tam müəyyən olunduqdan sonra şəhərsalma ilə bağlı müəyyən layihələr işlənib hazırlanacaq, hansı ərazilərdə ki, relyef çox mürəkkəbdir, çoxmənzilli binaların inşasına imkan yoxdur, o ərazilərdə fərdi evlərin tikilməsinə daha çox üstünlük verilməlidr. Hansı ərazilərdə ki, belə imkanlar var, o ərazilərdə 5-6-7 mərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi daha faydalı olar”.



Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə bildirdi ki, bir vaxtlar Bakıda rayon icra hakimiyyətləri tikintilərlə bağlı sərəncamlar verirdilər, onun əsasında evlər tikirdilər: “Daha sonra səlahiyyətlər bələdiyyələrə verildi, bəzi bələdiyyələr torpaq satdılar, həmin torpaqlar üzərində tikinti işləri aparıldı. Bu formada pərakəndəlik başladı, kim harada istədisə tikdi. Şəhərin ümumi tikinti ansamblı pozuldu. Bu gün Bakı şəhərinin yeni Baş planı hazırlanır, amma şəhəri o vəziyyətə gətirib çıaxarıblar ki, Baş planı hazırlamaq çox çətindir. Yəni dövlət gərək müəyyən söküntü, köçürmə işləri üçün milyardlarla vəsait ayırsın ki, Baş plan uğurlu alınsın. Ancaq işğaldan azad olunmuş ərazilərimiz tamamən boş ərazilərdir. Bəzi şəhər və qəsəbələri çıxmaq şərtilə, məsələn, Şuşa şəhəridir, Xankəndidir, elə də böyük dağıntılar olmayıb. Ümumən götürsək, bütün bunların hamısında tikinti və layihələndirmə bir qurum tərəfindən aparılmalıdır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ümumi ərazilər üçün Baş plan hazırlamalıdır. Həmin tikinti işləri həmin Baş plana uğrun aparılmalıdır. Çünki Baş plan bu gün üçün hazırlanmır. Təxminəın 10-30 il sonra üçün planlaşdırılır ki, bu illərdən sonra həmin ərazilərdə əhali sayı nə qədər ola bilər və əlavə nələr tikmək olar, onlar üçün də ehtiyat torpaq saxlanılır. Bu baxımdan bütün səlahiyyətlərin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilməsi müsbət bir haldır. Bələdiyyələrə və icralara verilsəydi, onlar da sərəncamlar verərdi və ərazinin Baş planını Bakının gününə salardılar”.
Azad olunmuş ərazilərin rayon və kəndlərdən ibarət olduğunu deyən ekspertin fikrincə, kənd ərazilərində 1-2 mərtəbəli evlər tikilməlidir: “O baxır kəndə, həmin əraziyə olan marağa. Elə bir yer ola bilər ki, turistik zonaya çevrilər. Orada təbii ki, hündürmərtəbəli evlər, otellər, istirahət mərkəzləri tikiləcək. Azad olunmuş ərazilərdə Azərbaycanın digər ərazilərindən daha çox təbii sərvətlər var. Məsələn, Azıx mağarası var, tarixi bir abidədir, ora bütün dünya üçün maraqlıdır. Gələcəkdə oraya turistlər gələrsə, müəyyən işlər olarsa, otel tipli binalat tikilə bilər, sanatoriyalar tikiləcək. Həmin ərazilərdə 140 adda müxtəlif növ təbii sərvətlər var. Ağdam şəhəri yeni bir model olacaq, Şuşa şəhəri ərazi olaraq kiçik olsa da, Qarabağın milli memarlığına aid tikililər inşa etmək olar. Necə ki, Şuşa Qalası bərpa olundu, orada tikiləcək başqa tikililər də oranın qədimiliyini qoruya biləcək bir üslubda tikilməlidir. Demirəm ki, hər şey qədim dövrə aid olmalıdır. Biz qədim dövrlə müasirliyimizi də ortaya qoymalıyıq. Müasir memarlığımız orada öz əksini tapmalıdır. Mən milli memarlıq brendlərimizlə bağlı təkliflər vermişəm. Həmin ərazilərdə Azərbaycan brendləri, Qarabağ, Bakı kimi layihələri orada tikməliyik ki, üstündən 50-100 il keçdikdən sonra yenə ermənilər torpaq iddiasında olarsa, artıq o tikililər Azərbaycanın milli layihələri olduğunu dünyaya sübut edəcək. Necə ki, Şuşa şəhərində Şuşa Qalası, Gövhərağa, Ağdam məscidi bizə aid olduğu üçün əminliklə təsdiq edirdi ki, bu Azərbaycan tikililəridir. Ermənilər uzun illər işğalda saxlasa belə, dünya Azərbaycan əraziləri kimi qəbul elədi”.
Ümumiyyətlə, ölkə başçısının adıçəkilən fərmanının çox əhəmiyyətli olduğunu deyən ekspetin sözlərinə görə, bu o deməkdir ki, artıq səlahiyyətli və cavabdeh bir qurum olacaq: “Orada torpaqlar təyinatına görə bölünəcək, əkin, mədəni, turistik zona, yaşayış massivi üçün ərazilər və s. Ümumi ərazinin xəritəsi olacaq ki, hansı ərazi məsələn, sürüşməyə meyillidir, burada hündürmərtəbəli bina tikmək olmaz. Bunlar hamısı ilə bağlı aidiyyatı qurumlarda xəritələr var. Tikinti işi aparılarkən sənədləşmə Dövlət Arxitektura Komitəsi tərəfindən aparılacağına görə gələcəkdə tikililərin sənədləşməsi prosesi çox asan olacaq. Çünki bunu parçalamaq, icra hakimiyyəti, bələdiyyə, müxtəlif qurumlara verilməsi gələcəkdə orada problemlərin yaşanmasından xəbər verirdi. Artıq o problemlər yaşanmayacaq”.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu