Xəstəliyə artıq yoluxmuş kimi davranın... - Aqil Acalov




Bu gün bütün dünyanı cənginə alan Covid-19 virusu sözün əsl mənasında hər kəsdə böyük təşvişə səbəb olub. Təəssüf ki, təhlükəni dərk edib ehtiyat tədbirlərinə əməl edənlərlə yanaşı, hələ də bu virusu ciddiyə almayıb elementar gigiyena qaydalarına əməl etməyənlər də var.



AFN xəbər verir ki, bunu Avrasiya Kombat Ciu-Citsu Federasiyası və Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti Aqil Acalov deyib. Onun sözlərinə görə, Çindən başlayaraq inkişaf etmiş Avropa ölkələrinə qədər çox acınacaqlı vəziyyət yaradan bu virusa qarşı ölkəmizdə tətbiq olunan ehtiyat tədbirləri bəzi digər dövlətlərə nisbətdə vəziyyətimizin qənaətbəxş olmasını təmin edib: "Belə ki, birbaşa ölkə başçısı İlham Əliyevin nəzarəti altında Nazirlər Kabineti yanında operativ qərargah koronavirus epidemiyası ilə bağlı vəziyyəti daim müzakirə edir, gedişata uyğun olaraq müvafiq tədbirlər planı hazırlamaqda davam edir. Ancaq vəziyyətin ağırlaşmaması və digər ölkələrdəki acınacaqlı yayılma dərəcəsi və itki sayına gəlib çıxmaması üçün insanların təyin olunmuş müəyyən qaydalara əməl etməsi çox vacibdir. Beləki tətbiq olunan bəzi məhdudiyyətlər insanlarda qıcıq yaratmamalı, müsbət əhval ruhiyyə qorunub saxlanmalı, bədbinliyə qapılmamalı, məsləhət görülən gigiyenik normalara əməl olunmalı (gərəkli hallarda maska, əlcək istifadə etmək, dezinfeksiya edici vasitələrin istifadəsi və s.) və mütləq şəkildə virusun əlamətlərini hiss etdikdə həkimə müraciət olunmalıdır. Unutmamalıyıq ki, özümüzü qorumaqla və müəyyən olunmuş qaydalara əməl etməklə eyni zamanda ətrafımızdakı insanları da yoluxdurmaqdan qorumuş oluruq.
Xəstəlik sizə yoluxmayacaqmış kimi davranmayın, xəstəlik artıq sizə yoluxmuş olsa başqalarına yoluxdurmamaq üçün nə etmək lazımsa elə davranın. Qələbəyə aparan ən gözəl addım tədbirli olmaqdır. Qorxu məğlubiyyətə aparan ən aciz hissdir.
İstənilən halda həyata pozitiv baxış bucağını qoruyub saxlamaq lazımdır. Pandemiya gücümüzü birlikdə göstərib gərəkli təlimatları yerinə yetirməklə toplum olaraq qalib gələcəyimiz keçici bir virusdur sadəcə. Primitiv gigiyena qaydaları və immunitetimizi qorumaqla hər şeyi geridə qoyacağıq. Özümüzü və sevdiklərimizi qorumağın ən gözəl yönü isə müsbət düşünüb, müsbət köklənməkdir.
Tədbirli olaq, immunitetimizi qoruyaq, pozitiv qalaq, qalib olaq!"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu