Rutte: 32 ölkənin imkanlarını bir araya gətiririk



NATO Baş katibi Mark Rutte alyans ilə müdafiə sənayesi arasında əməkdaşlığın qurulmasının vacibliyinə işarə edərək, tək bir ölkənin sənaye inqilabını təkbaşına təmin edə bilməyəcəyini vurğulayıb.

AFN.az xəbər verir ki, Baş katib hər şeyi birlikdə etmək məcburiyyətində olduqlarını, NATO olaraq potensialı, texnologiyanı və sənayeni birləşdirdiklərini, bununla da 32 ölkənin imkanlarını bir araya gətirdiklərini bəyan edib.

Mark Rutte Türkiyə vitse-prezidenti Cevdet YılmazMilli Müdafiə naziri Yaşar Gülərlə birlikdə 36-cı NATO Dövlət və Hökumət Başçılarının Sammiti çərçivəsində Ankarada təşkil olunan Müdafiə Sənayesi Forumunda çıxış edib.

2026-cı il FİFA Dünya Çempionatının davam etdiyi bir vaxtda NATO ilə bağlı bir bənzətmə etmək istədiyini bildirən Rutte heç bir komandanın yalnız bir oyunçu sayəsində qalib gəlmədiyini, qapıçıya, müdafiə, yarımmüdafiə və hücumçulara ehtiyac duyulduğunu söyləyib.

Qol vuran oyunçuların diqqət mərkəzində olduğunu, lakin hər ölkədə uğurlu oyunçularla yanaşı ehtiyat oyunçular, məşqçilər və analitiklərin də olduğunu, arxa planda çalışanlar daxil olmaqla hər kəsin mühüm rol oynadığını və heç kimin təkbaşına qalib gələ bilməyəcəyini diqqətə çatdırıb.

Eyni vəziyyətin NATO üçün də keçərli olduğunu vurğulayan Rutte çəkindirmə və müdafiənin tam bir komanda işi tələb etdiyini bildirib.

Siyasi liderlərin bu çərçivədə yol göstərdiyini, silahlı qüvvələrin isə sahədə olduğunu ifadə edən Baş katib müdafiə sənayesinin də təchizat, innovasiya və istehsal gücü ilə komandanın arxasındakı qüvvəni təmin etdiyini anladıb.

Ortaq təhlükəsizlik üçün birlikdə işləməyin vacibliyini dilə gətirən Rutte 2024-cü ildə baş katib vəzifəsini təhvil aldığı gündən bəri alyans daxilində, o cümlədən Türkiyədəki fabrikləri və şirkətləri ziyarət etdiyini xatırladıb.

Keçən il Haaqada baş tutan NATO Sammitində müttəfiqlərin ümumi daxili məhsulun 5 faizini müdafiəyə yatırmaq barədə mühüm öhdəliklər götürdüyünü deyən Rutte artıq bunun nəticələrini görməyə başladıqlarını vurğulayıb.

Keçən il təkcə Avropadakı müttəfiqlərin və Kanadanın əvvəlki illə müqayisədə müdafiəyə 20 faiz daha çox vəsait ayırdığını, bunun isə əlavə 139 milyard dollar demək olduğunu, 2025-ci və 2026-cı illər birləşdirildikdə isə 258 milyard dollarlıq bir artımın müşahidə edildiyini qeyd edib.

Hökumətlərin və müdafiə sənayesinin istehsalı genişləndirmək üçün müxtəlif investisiyalar qoyduğunu, təkcə ötən il müdafiə sənayesi infrastrukturunun inkişafı üçün 37 milyard dollar xərcləndiyini bildirib.

Bu vəsaitin daha böyük fabriklər və daha çox istehsal gücü yaratmaq üçün istifadə edildiyinə diqqət çəkən Rutte forumda imzalanan yeni müqavilələrin on milyardlarla dollar mənasına gəldiyini, bunun isə daha çox hava hücumundan müdafiə sistemi, daha çox hücum qabiliyyəti, peyk rabitəsi, sursat, dron və drona qarşı texnologiya demək olduğunu ifadə edib.

Alyansın 2027-ci ilə qədər illik təxminən 4 milyon dollarlıq sursat istehsal edə biləcək mövqeyə gələcəyini proqnozlaşdırdıqlarını və bunun keçən ilkinin təxminən iki qatı olduğunu deyən Baş katib real irəliləyiş əldə etdiklərini, lakin oyunun hələ bitmədiyini və bu matçı qazanmaq üçün hər kəsin üzərinə düşəni etməli olduğunu vurğulayıb.

Rusiyanın milli gəlirinin təxminən yarısını müharibə mexanizminə xərclədiyini, Çinin silahlı qüvvələrini modernləşdirməyə və nüvə imkanlarını genişləndirməyə davam etdiyini, Şimali Koreyanın da Rusiyaya tədarükü sürətləndirdiyini qeyd edən Rutte ABŞ-ın hücumlarının isə İranın nüvə potensialını azaltdığını diqqətə çatdırıb.

Bu ölkələrin getdikcə daha sıx birgə işləməyə başladıqlarını və bu çətinliklərlə mübarizə apara bilmək üçün transatlantik müdafiə transformasiyasına, yəni sənaye inqilabına ehtiyac duyulduğunu bildirib.

Hökumətlərin müqavilələr imzalamağa davam etməsi və NATO daxilindəki bürokratik əngəllərin azaldılması barədə çağırış edən Rutte tək bir ölkənin bu inqilabı təkbaşına reallaşdıra bilməyəcəyini, 32 ölkənin gücünü birləşdirməyin olduqca qüvvətli bir addım olduğunu qiymətləndirib.

Birlikdə işlədikdə daha güclü olacaqlarını vurğulayan Rutte Ukraynada da sürətlə innovasiyalar etməyə davam edəcəklərini, Ukrayna ilə daha çox iş birliyi qurmaq üçün dron ekosistemində fürsətlər yaradacaqlarını sözlərinə əlavə edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu