Tramp: Türkiyəyə qarşı bütün sanksiyaları ləğv edəcəyik


ABŞ Prezidenti Donald Tramp Türkiyəyə səfəri çərçivəsində Prezident Sarayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirilən birgə mətbuat konfransında Türkiyə ilə münasibətlər, F-35 qırıcılarının satışı, NATO, CAATSA sanksiyaları və Rusiya-Ukrayna müharibəsi ilə bağlı mühüm açıqlamalar verib.

AFN.az xəbər verir ki, Tramp Ərdoğanı "çox yaxşı dost" və "dünyada hörmət edilən güclü lider" adlandıraraq, iki ölkə arasında münasibətlərin hazırda ən yüksək səviyyədə olduğunu bildirib.

"Prezident Ərdoğanla uzun illərdir çox yaxşı münasibətlərimiz var. Ona böyük hörmət bəsləyirəm. Bu gün ticarət, müdafiə, İran və bir sıra digər məsələləri müzakirə edəcəyik. Türkiyə ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri olub. F-35 məsələsini də müzakirə edib müvafiq qərar qəbul edəcəyik", – deyə Tramp vurğulayıb.

ABŞ Prezidenti NATO üzrə müttəfiqlərinə də iradlarını səsləndirib. O bildirib ki, bəzi Avropa ölkələrinin alyans çərçivəsində kifayət qədər məsuliyyət daşımaması Vaşinqtonu narahat edir.

"NATO-dan narazı olduğumu demişəm. Ərdoğan olmasaydı, bu sammitdə iştirak etməzdim. İtaliya, Fransa və Almaniya bizi məyus etdi. Biz böyük vəsait xərcləyirik, amma onlar eyni dəstəyi göstərmirlər", – deyə Tramp bildirib.

ABŞ lideri, həmçinin Türkiyəyə tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılacağını açıqlayıb.

"Türkiyə ilə münasibətlərimiz əvvəlkindən daha yaxşıdır. Türkiyəyə qarşı bütün sanksiyaları ləğv edəcəyik. CAATSA sanksiyaları da aradan qaldırılacaq. Biz dost ölkələrə qarşı embarqo tətbiq etmirik. Türkiyə ABŞ-dən aldığı təyyarələrin texniki xidmətinin göstərilməsi də bizim məsuliyyətimizdir", – deyə o qeyd edib.

Tramp çıxışında Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti ilə keçirdiyi görüşlərə də toxunaraq bildirib ki, hər iki tərəf müharibənin başa çatdırılmasında maraqlıdır.

"Putin də Ərdoğana hörmət edir. Daha sonra Ukrayna lideri ilə də görüşdüm. Heç kim müharibənin uzanmasını istəmir. Hər iki tərəf problemin həllini istəyir. Ümid edirəm ki, bu məsələni tezliklə həll edə biləcəyik", – deyə ABŞ Prezidenti əlavə edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu