11 ildən sonra ilk: Tramp Türkiyəyə səfər edəcək
ABŞ Prezidenti Donald Trampın 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO sammitində iştirak edəcəyi gözlənilir. Beynəlxalq media bu səfərin alyans daxilində mümkün gərginliyin qarşısının alınmasında mühüm rol oynadığını yazır.
AFN.az "Associated Press"ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın diplomatik səyləri nəticəsində Trampın sammitdə iştirakı təmin olunub. Agentlik hesab edir ki, ABŞ prezidentinin sammitdən kənarda qalması NATO daxilində qeyri-müəyyənlik və narahatlıq yarada bilərdi.
Məqalədə vurğulanır ki, Trampın daha əvvəl ABŞ qoşunlarının Avropadan çıxarılması və ölkəsinin NATO-dan ayrılması ilə bağlı səsləndirdiyi fikirlər fonunda onun sammitdə iştirak etməməsi alyans üçün əlavə risklər yarada bilərdi.
Qeyd olunur ki, Donald Tramp əvvəlcə NATO sammitinə qatılmayacağını açıxlasa da, sonradan "Ərdoğana hörmət əlaməti olaraq" Ankaraya səfər edəcəyini bəyan edib.
Beləliklə, Donald Tramp Barak Obamanın 2015-ci ildəki rəsmi səfərindən sonra Türkiyəyə gələn ilk ABŞ prezidenti olacaq.
