ABŞ-da Trampın impiçmentinə çağıran hərbi zabit saxlanılıb
ABŞ-da Kapitol polisi ölkə Prezidenti Donald Trampın və vitse-prezident Ceyms Devid Vensin vəzifədən kənarlaşdırılmasına çağıran Hərbi Hava Qüvvələrinin (HHQ) mayoru Ceyson Uotsonu saxlayıb.
AFN.az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb. Məlumata görə, fəaliyyətdə olan zabit Vaşinqtonda "Kənarlaşdırma Koalisiyası" (Removal Coalition) adlı aktivist qrupunun təşkil etdiyi mətbuat konfransında hərbi formada çıxış edib. O, Tramp administrasiyasının miqrasiya siyasətini, həmçinin İran və Venesueladakı hərbi əməliyyatlarını kəskin tənqid edərək impiçment tələb edib.
Çıxışdan sonra o, Konqres binasının pilləkənlərində təkbaşına etiraz aksiyası keçirməyə başlayıb. Kapitol polisi konqresmenlərin müşayiəti olmadan pilləkənlərdə aksiya keçirməyin qanunsuz olduğunu əsas gətirərək mayora ərazini tərk etmək əmri verib. Əmrə tabe olmayan zabit "ictimai asayişi pozma və maneə yaratma" ittihamı ilə həbs edilib.
ABŞ hərbi qanunvericiliyinə (UCMJ) əsasən, fəaliyyətdə olan hərbçilərin formada siyasi aksiyalarda iştirakı və dövlət rəhbərliyinə qarşı çıxışları qəti qadağandır.
