Putin Trampı ABŞ-ın müstəqilliyinin 250 illiyi münasibətilə təbrik edib
Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampı Amerika Birləşmiş Ştatlarının müstəqilliyinin 250 illiyi münasibətilə təbrik edib. AFN.az xəbər verir ki, təbrik mətni Kremlin saytında dərc olunub.
Mətndə "Hörmətli cənab Prezident, əziz Donald, Amerika Birləşmiş Ştatlarının müstəqilliyinin 250 illiyi münasibətilə səmimi təbriklərimi qəbul et" deyə qeyd edilib.
Təbrikdə Rusiya dövlətinin başçısı bildirib ki, ABŞ-ın Müstəqillik Bəyannaməsinin imzalanması təkcə dövlətin yaranmasının əsasını qoymayıb, həm də dünya tarixində mühüm bir mərhələyə çevrilib.
Putin həmçinin vurğulayıb ki, o zaman Rusiya Şimali Amerika kolonistlərinin Britaniya hökmranlığından qurtulmaq və azadlıq uğrunda mübarizəsini qeyd-şərtsiz dəstəkləyib.
Bundan əlavə, prezident iki ən böyük nüvə dövləti kimi Rusiya və Birləşmiş Ştatların qlobal miqyasda təhlükəsizlik və sabitliyin təmin edilməsində xüsusi məsuliyyət daşıdığını diqqətə çatdırıb.
O, Moskva ilə Vaşinqton arasında konstruktiv, bərabərhüquqlu və qarşılıqlı faydalı əlaqələrin qurulmasının təkcə iki xalqın deyil, bütün dünya ictimaiyyətinin maraqlarına cavab verdiyinə əminliyini ifadə edib.
"Sənə, Donald və yaxınlarına cansağlığı, rifah və uğurlar, bütün Amerika vətəndaşlarına isə xoşbəxtlik və tərəqqi arzulayıram", - deyə Putin qeyd edib.
