Dnestryanı Moldova ilə danışıqlar üçün şərtlərini açıqlayıb
Dnestryanı və Moldova arasında danışıqların başlaması üçün tanınmamış respublika sakinlərinə qarşı cinayət məcəlləsindəki repressiv tədbirlər ləğv edilməlidir.
AFN.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyinə müsahibəsində respublikanın rəhbəri Vadim Krasnoselski bildirib.
O xatırladıb ki, danışıqlar prosesində görüşlərin əvvəllər mövcud olan ardıcıllıq qaydasını məhz Moldova hakimiyyəti pozub.
Xüsusən də, Kişinyov separatizm haqqında qanun qəbul edərək, ATƏT missiyası rəhbərinin zəmanəti altında razılaşdırılmış görüşlərin keçirilmə ardıcıllığını alt-üst edib.
Respublika rəhbəri qeyd edib ki, bundan sonra bu mövzuda spekulyasiya etmək və guya Dnestryanı nümayəndələrini heç bir təhlükənin gözləmədiyini bildirmək absurddur.
Qeyd edək ki, daha əvvəl Dnestryanı parlamentinin sabiq rəhbəri Aleksandr Şerba Moldova hakimiyyətinin Dnestryanı ilə bağlı vəziyyəti həll etmək üçün güc tətbiqi variantına əl ata, həmçinin tanınmamış dövlətdə vətəndaş iğtişaşları təşkil edə biləcəyini vurğulamışdı.



