Qətər Hörmüz boğazı yaxınlığında neft tankerinin vurulduğunu açıqlayıb



Qətər "Ər-Rükeyyat" adlı neft tankerinin Hörmüz boğazı yaxınlığında hərəkətdə olarkən vurulduğunu bəyan edib.

AFN.az xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari rəsmi sosial şəbəkə hesabı vasitəsilə hadisəyə kəskin etirazını bildirib.

Əl-Ənsari qeyd edib ki, gəminin Hörmüz boğazı yaxınlığından keçərkən hədəf alınması beynəlxalq gəmiçilik və qlobal enerji təchizatı təhlükəsizliyinə qarşı qəbulolunmaz bir hücumdur və bu addım beynəlxalq hüququn açıq şəkildə pozulması deməkdir.

Hücuma görə İranı günahlandıran qətərli sözçü İran İslam Respublikasından regional təhlükəsizliyə təsir edən və beynəlxalq naviqasiya təhlükəsizliyini təhdid edən bütün əməlləri dərhal dayandırmağı tələb edib.

O, həmçinin Tehran rəhbərliyini dar maraqlara xidmət etmək naminə qlobal enerji təchizatını və bölgə ölkələrinin resurslarını təhlükəyə atmaqdan vaz keçməyə çağırıb və bu hücum ilə ondan doğa biləcək bütün hüquqi nəticələrə görə birbaşa İranın məsuliyyət daşıdığını vurğulayıb.

Qeyd edək ki, İran dövlət televiziyası adı açıqlanmayan mənbələrə istinadən yaydığı məlumatda İran hərbi dəniz qüvvələrinin Hörmüz boğazı yaxınlığında xəbərdarlıqlara məhəl qoymayan bir neft tankerini vurduğunu bildirmişdi.

Həmin xəbərdə Qətərə məxsus "Al-Rekayyat" gəmisinin ABŞ hərbi dəniz qüvvələrinin dəstəyi ilə Hörmüz boğazındakı Oman marşrutundan keçməyi planlaşdırdığı, lakin ardıcıl xəbərdarlıqları görməzdən gəldikdən sonra hədəfə alındığı iddia edilmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu